Ölkə futbolu

Sxadadze “Xəzər Lənkəran” yenilgisindən danışdı: “Futbolçulara bununla bağlı xəbərdarlıq etmişdim”

Topaz Premyer Liqasının 4-cü turunun açılış oyununda “İnter” səfərdə “Xəzər Lənkəran”la qarşılaşdı. Rəqibinə minimal hesabla uduzan paytaxt komandası mövsümdə ilk məğlubiyyətini aldı – 0:1.

İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in çalışdırıcısı Kaxaber Sxadadze matçla bağlı bunları dedi:

 “Bu cür oyunlarda, bu cür meydanlarda ilk növbədə futbolçuların qələbə istəyi, mübarizə əzmi ön plana çıxır. Bu göstəricilərdə rəqib bizi üstələdi. “Xəzər Lənkəran”ın 3 oyunda bir xalı var idi. Onlar üçün bu oyun dönüş etmək üçün sonuncu şans idi. Futbolçulara bununla bağlı xəbərdarlıq etmişdim. Təəssüf ki, ilk dəqiqələrdə sönük oyun oynadıq. Rəqib qələbə əzmi sayəsində qalib gəldi. Bir neçə yaxşı qol imkanı yaratdıq, lakin istifadə edə bilmədik. “Xəzər Lənkəran” isə yaratdığı yarımçıq qol epizodundan hesabı aça bildi. Bəzi oyunçularımız eyforiyaya qapılıb, liderliyi tam dərk edə bilməmişik. Bu mövsüm yaxşı heyət qurmuşuq, hər mövqeyə iki futbolçumuz var. Özlərini yaxşı tərəfdən göstərməyən oyunçuların yerinə başqalarına şans veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43