Müsahibə

Sxadadze: “Xəzər-Lənkəran”la oyun bir daha göstərdi ki…” – MÜSAHİBƏ

“İnter”in gürcüstanlı hücumçusu Baçana Tsxadadze klubun rəsmi saytına müsahibə verib.
 
-“Qarabağ”la oyun kifayət qədər gərgin alındı, amma hiss edilirdi ki, komandalara isti hava şəraiti mane olur.
– Matç 0:0 hesabı ilə başa çatsa da, hər iki komandanın fərqlənmək imkanları oldu. Bununla belə, heç-heçə hesabın məntiqi nəticə olması barədə deyilənlərlə razılaşıram. İsti hava futbolçulara da təsir edirdi. Belə istidə oynamaq çətindir. Bu vəziyyət komandalara 100 faiz özünü göstərmək imkanı vermədi.
 
-“İnter” ilk iki turda 4 xal topladı və bu nəticəylə komanda turnir cədvəlində yüksək yerdədir. Mövsümün əvvəlini “İnter” üçün necə qiymətləndirirsiniz?
-Ötən mövsümün əvvəlində etdiyimiz çıxışı xatırlasaq, o zaman indiki çıxışımızı uğurlu hesab etmək olar. Düşünürəm ki, ilk turda 4 xal kifayət qədər normal nəticədir. Əsas xal toplamağı davam etdirməkdir, axı mövsümün sonunda hər xal qızıl ola bilər.
 
-“İnter” kifayət qədər çox qol vurur, halbuki komandada nominal hücumçu yeganə sizsiniz. Sizin fikrinizcə, komandanın hücum xəttində güclənməsinə ehtiyac var?
-Bu suala cavab vermək mənim işim deyil. Ancaq mənim subyektiv fikrimi bilmək istəyirsinizsə, o zaman deyə bilərəm ki, komandanı gücləndirmək yaxşı olardı. Yaxşı futbolçularla güclənmək həmişə komanda üçün faydalıdır.
 
-Növbəti tur “İnter” kifayət qədər gözlənilmədən turnir cədvəlinin 1-ci pilləsində qərarlaşan “Sumqayıt”la qarşılaşacaq. Həmin görüş haqqında nə düşünürsünüz?
-Bu rəqibə qarşı çox ciddi şəkildə hazırlaşmaq lazımdır. “Sumqayıt”ın heyətində bir sıra təcrübəli oyunçularla bərabər gənc futbolçular çıxış edirlər. “Xəzər-Lənkəran”la oyun bir daha göstərdi ki, rəqib asanlıqla məğlub olan komanda deyil. Bu komandanı qiymətləndirməmək olmaz. Bəli, bizim ambisiyalarımız var və qələbəyə nail olmaq üçün özümüzü göstərməyə çalışacağıq.
 
-Növbəti ayda AVRO-2016 turnirində təsnifat mərhələsi başlayır. Son zamanlar sizi tez-tez Gürcüstan millisinə dəvət edirlər. Yəqin bu dəfə də sizi çağıracaqlarını gözləyirsiniz?
-Milli komandanın məşqçilər heyətinin diqqətini cəlb etmək üçün optimal formada olmağa çalışacağam. Bunun üçün mən “İnter”ə kömək etməli və çempionatda özümü yaxşı tərəfdən göstərməliyəm. Əlbəttə, bütün futbolçular kimi, milli komandadan dəvət gözləyirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43