Ölkə futbolu

“Təcrübəli futbolçular gənc hakimlərə psixoloji təsir edirlər” – Tahir Süleymanov

Dünən Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” oyununda baş hakim Rəşad Əhmədovun qərarları xeyli müzakirəyə səbəb olub.

Gənc hakimin dünənki performansına müsanibət bildirməsi üçün sabiq FİFA referisi Tahir Süleymanova müraciət etdik. Sülüeymanov İdmanxeber.az-a verdiyi açıqlamada Rəşad Əhmədovun bu oyuna təyinatının yanlış olduğunu bildirib:

“İlk olaraq hakimdən çox, bu təyinata münasibət olmalıdır. Gənc hakimlərə dəstək, şans verilməklə yanaşı onları belə taleyüklü matçlara təyin etmək hələ tezdir. Çempionatın sonlarına yaxınlaşılır, komandalar üçün hər xal önəmlidir. Məşqçilər, təcrübəli futbolçular meydanda gənc hakimi görəndə psixoloji təzyiq edirlər, hər xırda səhvə reaksiya göstərirlər. Bu da həm oyuna, həm də idarəçiliyə xələl gətirir. Nəzərə alaq ki, boş tribunalar önündə keçirilən “Bakı birinciliyi”ndə Sumqayıt autsayder olsa da, istisnadır, tribunalar dolu olur. “Neftçi” ilə oyunlarda isə ajiotaj qaçılmazdır. Bütün bunlar təcrübəsiz hakimlərə təsirsiz ötüşmür. Stuxlik Vassarasla Yunanıstanı düşünür, daxili çempionat yaddan çıxıb. Avstriyalı yunanlara yardım kampaniyası üçün gəlməyib Azərbaycana, öz oyunlarımızı düşünmək lazımdır. Nə qədər zəif, rəqabətsiz çempionat keçirilsə də, bu oyunlar çempionluğun taleyini həll edir”.

Təcrübəli mütəxəssis klub rəhbərlərinin hakim səhvlərinə qarşı səssizliyindən və Rəşad Əhmədovun dünənki oyundakı qərarlarından da danışıb:

“Digər tərəfdən klub rəhbərləri, rəsmiləri səslərini çıxarmır. Əksəriyyəti “baş üstə”lərdi. Onları futbol düşündürmür, havadarlarının tapşırıqlarına uyğun hərəkət edirlər. Əks halda beşinci mərtəbədən birbaşa “qırmızı” kartla cəzalanarlar. Futbolu bir qrup futboldan anlayışı olnayanlar özəlləşdiriblər. Belə durumda sanki futbolun problemlərini tək azarkeşlər, jurnalistlər, bir-iki futbol adamı düşünməlidir.

Baş hakimin gəncliyindən, təcrübəsizliyindən hər iki tərəfə səhvləri oldu. Bu da başadüşüləndi. Onları belə oyunlara göndərib “yandırmaq” olmaz. Hər iki tərəfə penalti var idi. Qapıçının qırmızı aldığı epizodda isə Əhmədovu alqışlamaq lazımdır. Qətiyyətlə qərarını verdi. Problem ondadı ki, “CBC Sport” canlı yayımda epizodu ekrana gətirə bilmədi. Bu da böyük söz-söhbətlərə yol açdı, hakimin səhv və ya doğru qərar verdiyi dərhal bilinmədi. Sonradan PFL kameraları ilə doğru qərar olduğu isbatlandı. Bir daha vurğulayıram, çempionluğun taleyinin həll olunduğu görüşlərə gənc, hələ tam hazır olmayan hakimləri göndərib bu durumu yaratmaq olmaz”.

Qeyd edək ki, qarşılaşma “Neftçi”nin 1:2 hesablı qələbəsi ilə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43