Ölkə futbolu

Təmkin Xəlilzadə: “Əlimizdə imkan olsaydı, kosovoluları meydanda öldürərdik”

Topaz Premyer Liqasının 12-ci turunda “Qəbələ” səfərdə “Keşlə”yə 2:1 hesabı ilə qalib gəlib.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Təmkin Xəlilzadə jurnalistlərə müsahibə verib. 25 yaşlı futbolçu milli oyunla yanaşı milli komandanın uğursuz çıxışı barədə də fikir bildirib:

“Mən azarkeşləri də, media mənsublarını da çox gözəl başa düşürəm. Ancaq bizi də anlasalar, gözəl olardı. İnanın ki, heç kim qələbəni bizdən çox arzulaya bilməz. Əziyyəti çəkən bizik. Burda 90 dəqiqə Farer adalarına qarşı oynadıq və 3 gün sonra səfərdə meydana çıxdıq. Kosovo fanatlarının bizim himnimizi fitə basması da pis təsir etdi. İnanın Allaha, əlimizdə imkan olsaydı, onları meydanda öldürərdik. Həmin günü Kosovonun idi. Bu komanda ilə yenidən oynasaq, bəlkə, 4:0 hesabı ilə biz udarıq. Sadəcə, onların günü idi. Ötən dəfə demişdim, bu dəfə də təkrarlayıram və xalqımızdan üzr istəyirəm. Bizi başa düşsünlər və yanımızda olsunlar”.

T.Xəlilzadə Pavel Paşayevlə Dmitri Nazarovun zəif çıxışı və Kamran Ağayevin bilərəkdən Kosovoya getmək istəməməsi barədə iddialara münasibət bildirib:

“Onlar mənim komanda yoldaşlarımdı. Belə bir şey barədə danışmaq istəmirəm. Qulağa iyrənc gəlir. Mediada yazırlar, oxuyuruq. İnanmıram ki, belə şeylər baş versin. Kamranın zədəsi var idi. Pavel, Dima və digərləri meydanda can qoymaq üçün çalışırdılar. İnanmıram ki, kimsə bilərəkdən zəif oynasın. Belə şeylər yazmasalar, yaxşı olardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43