Müsahibə Ölkə futbolu

“Tərlanı hamı tanıyır, mənə bundan başqa nə pislik edə bilər?” – “Kəpəz”də səngimək bilməyən söz atışması

“Kəpəz”in əsas heyətindən uzaqlaşdırılan, böyük ehtimalla komandadan ayrılacaq Elvin Yunuszadənin İdmanxeber.az saytına müsahibəsi.

– Bir müddət öncə əvəzedici heyətə göndərilmişdin. Tərlan Əhmədov “Sabah” oyunundan sonra keçirilən mətbuat konfransında səninlə yolların ayrılacağını açıqladı. Gözlənilən idi bu qərar?

– Açığı, uzun müddət idi onun belə fikirdə olduğunu bilirdim. Gedişatdan, mənə qarşı etdiyi hörmətsizlikdən hiss olunurdu. Sadəcə səbr edirdim, düzələcəyini düşünürdüm. Gördüm ki, yox. İnsan bir dəfə ədalətsizlik edirsə, onun artıq düzəlmək ehtimalı yoxdur. Mən uzun müddət futbolsuz qalmışdım. Sonra nə qədər məşq etdim, özümü formaya saldım. Mövsümün əvvəlində 5-6 oyunda forma da geyinmişdim. Sonra Tərlan müəllim gəldi. O vaxtdan bir oyun belə oynamamışam. Bu adam mənə bir dəfə belə şans verməyib.

– Səncə, şans verməməsində səbəb nə idi? Bəlkə heyətə düşəcək qədər hazır olmamısan?

– Yox, elə deyil. Açıqlamasında deyir ki, heyəti cavanlaşdırıram. Bu, yaxşı bir şeydir. Amma komandada 6-7 cavan futbolçu olanda onlarla bərabər eyni sayda da təcrübəli isimlər olmalıdır. Mənim 29 yaşım var, 35 yox. Öz mövqeyimdə ən ideal vaxtdayam. Rəşad Sadıqov kimi futbolçuyla birgə oynamışam. Hamımız ondan nəsə öyrənmişik. Yetərincə təcrübəm var, yaşım da çox deyil. Üstəlik məşqçi istəməyə bilər, bunu da başa düşürəm. Ancaq onu da düzgün formada bildirmək lazımdır. Oturub danışılmalı, halallaşıb ayrılmalıyıq. Yoxsa min cür bəhanə ilə etməməlidir.

– Söhbət hansı bəhanələrdən gedir? Sənə hər hansı bir səbəb deyib?

– Hər zaman canla-başla məşq etmişəm. Çəkimə, yeməyimə, hamısına fikir vermişəm. İstəyirdim ki, məndən heç bir səhv tutmasın. Komandaya gələn gündən bir oyun belə oynatmadı. Həmin vaxta qədər bütün matçlarda meydanda olmuşam. 3-4 görüşdən sonra özünə yaxınlaşıb oynamamağımın səbəbini soruşdum. Dedim ki, problem nədir? Məşqimdən, nizam-intizamımdan narazısan? Cavab verdi ki, “xeyr, hər şey qaydasındadır”. Sadəcə, oyun praktikasını əsas göstərdi. Mən də qayıtdım ki, şans verməsən necə oyun praktikası ola bilər ki? “18-liy”ə düşməyən futbolçunu oynadır, amma məni yox. Hansı praktikadan söhbət gedə bilər? Əgər söhbət oyun əskikliyi, təcrübədirsə, məndən on dəfə bu şeylərdə aşağı olan isimlərə şans verir. Deməli, mənə dedikləri bəhanədir. Ondansa mənə açıq şəkildə istəmədiyini bildirsin. Halbuki ondan sadəcə bir şans istəmişdim. Hətta deyim ki, məndən başqa komandada hamıya şans verib. Bir dəfə oynatsaydı, ümidləri doğrultmasaydım heç ağzımı açmazdım.

– Belə çıxır ki, Tərlan Əhmədovun səninlə şəxsi qərəzi olub?

– Niyə mənimlə prinsip aparsın ki? Axı bunun üçün heç bir səbəb yoxdur. Hörmətsizlik etməmişəm, söz-söhbətimiz olmayıb. Hansı səbəblə bunları edir, bilmirəm. Ömrümdə hər hansı bir məşqçi ilə problem yaşamamışam. “Qarabağ”da oynayanda məşqə gecikmişəm, Qurban Qurbanov məni cərimələyib. Bu, ayrı şeydi. Ortada səbəb var idi. Mən də heç səsimi çıxarmadım. Ancaq indi belə deyil. Tərlan Əhmədov açıq-aşkar mənə qarşı hörmətsizlik edir.

Bir dəfə “Turan Tovuz”la qolsuz bitən görüşün ardından ona yaxınlaşıb ayağımda ağrı olduğunu və komandanın Bakıdakı xəstəxənasına getmək istədiyimi dedim. Dedi problem yoxdu, getsin. 10-11 gün müalicənin ardından geri qayıtdım. Elə komandayla məşqə çıxmışdım ki, yaxınlaşıb məni əvəzedici heyətə göndərdi. Dedi ki, sonra özüm səni çağıracam. Halbuki heyətdə 1-2 ay zədəli olan oyunçular olub. Hansını əvəzediciyə göndərdiyini soruşdum özündən. Niyə onları yox, bir tək məni göndərir? Bu, hörmətsizlikdir. Özü ilə dəfələrlə söhbət etmişdim. Haqqımda nə düşündüyünü, planın nə olduğunu soruşmuşam. Ancaq həmişə də elə ordan-burdan cavablar verərək məni yola verib. Hələ də niyə belə davrandığını başa düşməmişəm. Azərbaycanda futbolun içində olanlar hamısı bir-birlərini çox yaxşı tanıyır. Hamı Tərlanı da yaxşı bilir, Elvini də. Elə nə oldu, Əli pisdi, Rauf pisdi, Əfran pisdi, Elvin pisdi, bircə Tərlan yaxşıdır? Mən də hörmətsizliyi bacarıram. Özü də çox yaxşı şəkildə, necə lazımdı. Sadəcə, ayıbdı. Mən belə şeylərlə gündəmə gəlməmişəm heç vaxt. Amma susduqca da ağını çıxarmaq olmaz.

– Əslində bir çox futbolçu onun xasiyyətindən narazılıq edir. Maraqlıdır, Əhmədov necə biridir? Yəni nə baş verir ki, belə problemlər ortaya çıxır?

– Mən hər şeyi açıq danışıram. Çəkinəcək bir yerim yoxdur. Onsuzda elədiyini edib. Bundan artıq mənə nə pislik edə bilər ki? O, bugünkü gündə mənim karyerama zərbə vurdu. Təzə gələndə heç bir problem yox idi aramızda. Deyib-gülürdük. Mehribançılıq idi. Ancaq bir günün içində elə dəyişir ki, özün təəccüblənirsən. Deyirsən ki, bu dünən mənimlə deyib-gülən adam deyildi? Komandada cavan uşaqlar çoxdur. İnanın ki, bəzən onlarla elə zarafat edir ki, adam dilinə gətirməyə utanır. Çox biabırçı. Cavan uşaqlarla dəfələrlə söyüşlə zarafatlar edib. Ad çəkmək istəmirəm. Neçə dəfə həmin o zarafat elədiyi gənclərdən biri mənə deyib ki, onun elədiyi bu şeylər mənim çox pisimə gəlir, sadəcə nəsə deyə bilmirəm. Yəni and içərəm ki, dəfələrlə olub belə şeylər. Ola bilsin komandadakı təcrübəli isimlərə belə davrana bilməyəcəyi üçün bu addımları atır. Dəqiq bilmirəm, amma bəlkə də səbəb budur. Çünki o içində ayrı, üzdə ayrı biridir. İnsan biri ilə düşmənçilik edəndə onu da kişi kimi, mərd kimi etməlidir.

– Rəhbərliyə baş məşqçi ilə bağlı hər hansı bir narazlıq etmisən?

– Onlarla görüşüb söhbət edəcəm. Məni bura Tərlan gətirməyib. Mən İlqar Nadirini də tanıyırdım, Yaşar Vahabzadə ilə də münasibətim olub. Rəhbərimiz çox yaxşı insandı.

– Bundan sonrakı planın nədir? Yəqin ki, yeni komanda axtaracaqsan?

– Mövsümün sonuna qədər “Kəpəz”lə müqaviləm var. Yanvarda görək, nə olur.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43