Müsahibə

Tahir Gözəl: “Neftçi”nin futbolçuları vaxtı uzatmağa çalışırdılar”

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl “Neftçi” ilə kubok matçından sonra jurnalistlərin suallarını cavablandırıb.


– “Qarabağ” klubu ardıcıl ikinci dəfə “qızıl dubl” etməyi bacardı. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı…
– Çox maraqlı oyun oldu. “Neftçi” komandası müdafiədə çox gözəl oyun nümayiş etdirdi. Oyunun həyəcanı son dəqiqələrə qədər davam etdi. Ardıcıl ikinci dəfə “qızıl dubl” etdik. Bu “Qarabağ” klubu üçün böyük bir uğur və şərəfdir. Mən inanıram ki, “Qarabağ” klubu bu il Avropada daha uğurlu çıxış edib, Azərbaycanın adını daha da yüksəklərə qaldıracaq. 

– Tahir bəy, komanda niyə həmişə olduğu kimi oyunun taleyini matçın əsas vaxtında həll edə bilmədi?
– Mən “Qarabağ”ın “Neftçi” qapısı qarşısında 7 epizodunu saydım. Amma “Neftçi” klubu çox qapalı oyun nümayiş etdirirdi. Buna görə bizim üçün çox çətin oldu. “Neftçi” çox böyük və güclü komandadır. “Neftçi”yə qalib gəlmək o qədər də asan deyil. Gözəl oyun nümayiş etdirdiyinə görə “Neftçi” komandasını təbrik edirəm.

– “Qarabağ” son dəqiqələrdə hesabı qol vura bilməsəydi matç penaltilər seriyasına gedəcəkdi…
– Bəli, biz artıq penaltilər seriyasına hazırlaşırdıq. Amma Markos Madeyranın möhtəşəm qolu ilə qələbə qazanmağı bacardıq. Onun qolu həqiqətən də “Qarabağ”a laiq bir qol idi. “Neftçi”nin qapıçısı Aqil Məmmədovu təbrik edirəm. Bu gün həqiqətən də çox gözəl oyun nümayiş etdirdi. 

– Hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsiniz?
– Hakim idarəçiliyi normal idi. Amma bir penaltiyə yaxın epizodumuz var idi deyəsən. “Neftçi”nin futbolçuları bir az vaxtı uzatmağa çalışırdılar. Amma hakimi qınamaq lazım deyil. Çünki orada bilmək olmur ki, futbolçu zədələnib, ya yox. Razıyam hakim idarəçiliydən.

– Açıqlamalarınızın birində bildirmişdiniz ki, “Neftçi” ilə “Qarabağ”ın görüşü aslanların döyüşü kimidir. Sizcə bu gün meydanda 11 aslan var idi yoxsa 22?
– Sözsüz ki, 22 aslan var idi meydanda. Oyun 120 dəqiqə oldu. Ona görə də meydanda 11 aslanın olduğunu demək düzgün olmaz. Fikrimcə “Neftçi” bu gün əks-hücumlara bel bağlamışdı. 

– Tahir bəy, çempionat bitəndən sonra demişdiniz ki, kubok Ağdama aparılacaq. Yəqin ki, bu kuboku da Ağdama aparacaqsınız. Bunun üçün vaxt müəyyən etmisiniz?
– Hələ bunun üçün vaxt müəyyənləşdirməmişik. Sabahdan bu məsələ ilə bağlı işlərə başlayacağıq. Komandamızla birlikdə Ağdama getmək mənim ən böyük arzularımdan biridir. Hətta mənim ən böyük arzularımdan biri cəbhə xəttinə gedib əsgərlərimizin əhval-ruhiyyəsini düzəldək. Bu işlərin hamısı planımızda var, amma vaxtı hələ dəqiq bilinmir. 

– “Qarabağ”da yeni legionerlər olacaqmı?
– Biz bu barədə Qurban Qurbanovla danışmışıq. Sponsorumuz da bu işdə bizə yardım etməyə hazırdır. Amma yaxşı legionerləri razı salıb klubumuza gətirmək çox çətindir. Sponsorumuz Q.Qurbanov üçün yaşıl işıq yandırıb. Artıq komandaya yeni futbolçu dəvət etmək onun işidir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43