Köşə yazıları Ölkə futbolu

Tahir Süleymanovla başlayan cəza zənciri və ya bankdan götürülən kredit

"Neftçi"nin ard-arda xal itirməsi sonucda rəhbərlikdən tutmuş klubun məşqçisinə kimi hər kəsin özünü itirməsinə gəlib çıxardıb.

Son günlərin problemli komandasına çevrilmiş "Neftçi"də cəzalar sıralandıqca xoşagəlməz hallar da baş alıb gedir. Paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanovla başlayan cəza zənciri deyəsən Böyükağa Hacıyevə də dolanacaq…

"İnter"lə oyunsonrası mətbuat konfransında Lənkəran səfərinə toxunaraq, "Böyük oyun"dakı hakimlikdən yenidən gileylənən Hacıyevə görə, "Neftçi" pul cəzasına məruz qala bilər. Hər halda şablon ifadələr işlətməyən Hacıyev: "Deyəsən Rəhim Həsənovun ata-ana sevgisi də kartdadı" – deməsi və mətbuat konfransında gənc hakimi təhqir etməsi, onu lağ obyektivinə çevirməsi nə özünə, nə də məxsus olduğu kluba yaraşmaz. Hər halda, xal komandası adlanırsızsa, hər bir ifadəyə, hər bir hərəkətə diqqət vermək lazımdı.

Lazım ki, belə olan halda klubun imicinə xələl gəlməsin və AFFA-nın verəcəyi cəzalara məruz qalmayasız. Cəzanın məbləğ sarıdan nə qədər olacağı (olmama ehtimalı da var) yəqin ki, onlar üçün önəmli deyil. Çünki kreditlə bankdan pul götürüb ödəmək olar. Necə ki, Süleymanov ona verilən 20 min manatlıq cəzanı ödəmək üçün banka üz tutaraq, kredit götürəcəyini və bu minivalla ödəyəcəyini demişdi. Nə qədər inandırıcı olmasa və gülünc səslənsə də o, belə demişdi.

Məsələ təkcə cəzayla bitmir. Ola bilsin AFFA Hacıyevin bu ifadələrini başqa məcraya yozaraq cəza verməsin, lakin bir hakim haqda belə danışmaq düzgün deyil. Hələ o hakimin ata-anası yoxdursa, ümumiyyətlə, bu cür ifadələr işlətmək insanlıq adına ayıbdır!

Bütün məqamları qoyaq bir kənara… "İnter"lə oyunda ikinci sarı vərəqəni Brüs Abdullayeyə göstərməyən Fariz Yusifovun qərarı niyə müzakirə olunmur? Niyə videoçarxlar hazırlanıb, fotofaktlar ortaya çıxarılmır? Hə, xoruzun quyruğu burda görünür ey… Əgər Rəhim Həsənovun Lənkəran səfərindəki hakimliyi günlərlə, həftələrlə masa üzərində müzakirəyə çıxarılırsa, o zaman Yusifovun kobud səhvini niyə qabartmırsız? "Fariz Yusifov, "Neftçi"nin hakimidi" deyimi burda təsdiqini tapır ey… Tahir Süleymanovun şagirdini niyə bağışlayırsınız? "Neftçi"yə əvvəlki xidmətlərinə görə? Başqa bir məqsədiniz yoxdursa, biz deyənlər yalandırsa… Onda car çəkmək zamanıdı.

Hadi iş başına…

Səxavət Qurbanov

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43