Layihə

Tapanlar, axtaranlar və qərarsızlar (LAYİHƏ)

Milli komandamızın oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən klublarımız yoxlama matçlarında qüvvəsini sınamaq istəyirlər.

İdmanxeber.com-un məlumatına görə, bəzi klublarımız yoxlama matçı keçirməyəcəyi təqdirdə, bəzilərinin artıq hansı vaxtda, hansı rəqiblə qarşılaşacağı bəllidi.

“Qarabağ”

Premyer Liqanın XI turunda “Zirə” ilə matçdan sonra istirahətə buraxılan “köhlən atlar” bu gün bir araya gələcək. Məhz bu gün Qurban Qurbanovun komandası XII turda qarşılacağı “Kəpəz”lə matçın hazırlıqlarına start verəcək.

Hələlik yoxlama matçı keçirmək Ağdam klubunun planında yoxdu.

“Qəbələ”

Premyer Liqanın lideri olan “qırmızı-qaralar” müvafiq rəqib axtarışındadı.Əgər sınaqçı rəqib tapılmasa, əvəzedicilərdən ibarət komanda ilə oyun keçiriləcək.

“İnter”

Fasilədən istifadə edən “İnter” klubu “Sumqayıt”la  yoxlama oyunu keçirəcək. Noyabrın 13-də “İnter Arena” keçiriləcək oyun saat 15.30-da başlayacaq.

“Kəpəz”

Gəncə təmsilçisi çempionatda yaranmış fasilə müddətində yoxlama oyunu  keçirəcək. Şahin Diniyevin komandası Bakıda təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşacaq. Oyun noyabrın 12-də keçiriləcək.

“Zirə”

Adil Şükürovun komandası da boş qalmayacaq. “Qartallar” öz əvəzediciləri ilə qarşılaşacaq. Qarşılaşma noyabrın 12-də, saat 16:00-da Zirə Olimpiya İdman Kompleksində keçiriləcək.

“Sumqayıt”

“Gənclik Şəhəri”nin yetirmələrinin rəqibi yuxarıda da qeyd etdiyimiz kimi “İnter” olacaq.

“Neftçi”

Sabahdan etibarən bir araya gələcək “ağ-qaralar” növbəti turda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verəcək. Noyabrın 12-də əvəzedici komandası ilə yoxlama oyunu keçirəcək.

AZAL

“Təyyarəçilər” noyabrın 11-də bir araya gələrək məşqləri bərpa edəcək. Tərlan Əhmədovun yetirmələri bundan sonra 12-ci turda səfərdə qarşılaşacaqları “İnter”lə oyunun hazırlıqlarına start verəcək.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43