18 Oktyabr 2024
Ölkə futbolu

Tarixi oyunun laysmanı: “Bizə güvənənləri yanıltmamağa çalışırıq”

“Belə bir təyinat gələndə, sevindim. 12 ildir ki, Birinci Liqada hakimlik edirəm. Premyer Liqa klublarının iştirakı ilə keçirilən bir çox yoxlama matçlarında iştirak etsəm də, bu mənim ilk belə rəsmi təyinatım idi. İstənilən təyinat bizim işimizə məsuliyyəti artırır. Lakin bu matçın təyinatının mənəvi tərəfləri çox dərin idi”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında ötən gün Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” – MOİK  matçının yan xətt hakimi Taleh Məmmədov deyib.

İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Məmmədov “yenidən bu torpağlarda olmaq necə bir hissdir?” sualına belə cavab verib:

“Vətən müharibəsi işirakçısı kimi belə bir oyuna təyinat almaq qürurverici haldı. İnsanda belə hisslər yaranır ki, ilk dəfə hərbiçi kimi bu torpağlara gələndə düşünürdün ki, görəsən evə sağ-salamat gedə biləcəyikmi? Lakin bu gün biz doğma torpağlarımıza tam təhlükəsiz gedə bilirik. Bu tamam fərqli bir hissdi. Bunu sözlə ifadə etmək çətindi. Duyğulu anlar yaşadıq. Yenidən bu toprağlarda olmaq bizi sevindirir. Bu təyinatın baş tutmasında kimlər varsa, hamısına təşəkkür edirəm.

Vətən müharibəsi iştirakçısı olan Məmmədov prezident İlham Əliyevin onlarla baş tutan qısa dialoqu haqqında danışıb:

“Cənab prezidentimizin sadə biri olduğunu bilirik və bunun bir daha şahidi olduq. Onunla xatirə fotosu çəkdirməmişdən öncə hər birimizlə ayrı-ayrılıqda görüşdü, uğurlar arzuladı. Gözlərimizdə belə bu sevinci görmək mümkün idi. Şükürlər olsun ki, belə şeylər bizə qismət oldu”.

Hazırda ancaq birinci liqa matçlarına təyinat alan təcrübəli laysman Premyer Liqada da özünü isbatlamağa hazır olduğunu bildirib:

“Bu gün birinci liqa oyunlarında işimizi tam məsuliyyətlə yerinə yetiririk. Bizə güvənənləri yanıltmamağa çalışırıq. İnanıram ki, ən qısa zamanda Premyer Liqa matçlarına da təyinat ala biləcəm. Bunun üçün öz üzərimdə çalışıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43