İdman

Tarixi şəhərdə tarixi nəticə…

Makedoniyalılar tərəfindən fəth edilən və böyük İsgəndərin bacısının adı verilən şəhər – Saloniki.

Səfərimizin səbəbkarı – “Qarabağ”, istiqamət isə Yunanıstanın ikinci ən böyük şəhəri Salonikiyə idi.

Mustafa Kemal Atatürkün doğulduğu şəhərə yolculuğumuz biraz yorucu olsa da, məkana təhlükəsiz və hesablanan vaxtda çatdıq.

***

Bizi Saloniki hava limanında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qarşıladı və şəhərdə gəzib-görə biləcəyimiz yerlər haqda informasiyalar verib qaldığı otelə yollandı. 

Yol Bakıdan Ellada torpağına gedən 12 nəfərdən ibarət jurnalist qruppasını yora bilməmişdi. Məhz bizim qalacağımız otelə yerləşdikdən bir qədər sonra komandamızın oyunqabağı son məşq və mətbuat konfrasına yollandıq. Bizdən oyundan qabağ hesab təxmini soruşan yunan jurnalistinə “burdan xalla qayıdacayıq” – deməmizə qarşılıq kinayəli gülüşünü isə unuda bilməzdik, unutmadıq da… Güman ki, o da unutmayıb.

***

Müasirliklə tarixin vəhdət təşkil etdiyi Saloniki gənclərin arzuladığı şəhərdi desək yanılmarıq. Egey dənizi boyunca sıralanan restoranlar yorğun şəhər sakinlərinin zövqünü oxşayır. Gecəsi bir başqadı bu şəhərin. Həyat 12 saatdan ibarət deyil orada. Gəzdikcə gəzmək istədiyin, bir yanda müasir binalar, digər yanda da canlı tarix…

Oyun günü yenidən şəhəri gəzmək şansımız oldu. Bu dəfə isə səhərdən axşama kimi… Yunanıstan vaxtı ilə saat 22:05-də (Bakı vaxtı ilə saat 00:05-də) başlayacaq oyuna qədər ən azı 10 saatımız var idi ki, bir də şəhəri gündüz görək.  İqtisadiyyatı “çökmüş” ölkəni bir başqa təsəvvür edirdim. Şəhər sakinlərinin öz istirahətlərindən geri qalmamaları, az qala bütün “pub”ların, restoranların, kafelərin boş olmaması, təsəvvürümdə yanıltmışdı məni. Masa başında “ən pis günümüz belə olsun” – deyən xalqım, arzu edək ki, biz onların pis gününə qoysun. 

Gün boyunca şəhəri tam olaraq gəzə bildik. Mustafa Kamal Atatürkün muzeyini də ziyarət etməklə səfərimizi daha da rəngləndirdik. Ömrünün sonuna kimi qurucusu olduğu Türkiyə Respublikasının prezidenti olan Mustafa Kamal yuxarıda da qeyd etdiyim kimi məhz bu şəhərdə dünyaya göz açıb. Onun muzeyini ətrafdan yunan əsgərləri mühafizə edirsə, muzeyin daxilində yalnız türkiyəli bələdçilər buranı ziyarətə gələnləri yoxlayıb qeydiyyata salırdılar. 

“Hakimiyyət qeyri-şərtsiz millətindir” ideologiyası ilə Türkiyə Respublikasının qurucusu olan Mustafa Kama Atatürkün ev muzeyini ziyarət edənlər sırasında azərbaycanlıların çoxluğu bura gələnlərin qeyd olunduğu siyahıda öz əksini tapmışdı. Bu sössüz ki, qürurverici məqam idi…

***

Və gün sonu… Səs-küylü, “qaynayan” Salonikinin sükuta qərq olunduğu o anlar. Stadionu dolduran yunan azarkeşlərinin möhtəşəm dəstəyinə rəğmən “köhlən atlar” öz futbolunu “Tumba”da da ortaya qoya bildi. Gözdə qorxu yox, qələbə hissi var idi. Bir xal üçün Salonikidə baş tutan “döyüş”də 3 xal qazanmaq rəqibi erkən nokauta salmaq kimi bir şeydi… Qurbanovun vaxtında etdiyi əvəzetmədən sonra Miçelin o qolu və şərhə ehtiyacı olmayan sevinc anları… 

Yunanıstanın iddialı, Avropanın ortabab komandalarından olan PAOK “Qarabağ”la iki oyunun heç birində nəinki xal qazana, heç bir qol belə vura bilmədi.

Qurbanovun yetirmələri PAOK-u bu qələbəylə özlərindən asılı vəziyyətə saldı. İndi biz istəməsək onlar qrupdan çıxa bilməyəcək.

***

Qələbənin gətirdiyi sevinci anlatmaq mümkün deyil. Saloniki küçələrini bir də qələbədən sonra “yad etdik”. Bu dəfə restoranlar və kafelər daha tez bağlanmışdı. Güman ki, restoran sahibləri məğlubiyyətdən sonra yerli fanatların şəhərdə hər hansı xuliqanlıq edəcəyindən qorxmuşdular…

Və bizi hava limanına yola salan avtobusun sürücüsü… Təbəssümü, hərəkəti ilə bizim qələbəmizə şərik olub sevinirdi. Çünki o, Salonikinin digər klubu “Aris”ə azarkeşlik edirdi. 

Artıq bu qələbə də geridə qaldı. “Slovan”la həlledici matça qədər bu 3 xalın kefini çıxardaq… Biz sizə inanırıq!

Səxavət Qurbanov 

Bakı-Saloniki-Bakı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43