Müsahibə

Teo Uiks: “Bu mövqedə oynamaq mənim üçün narahat idi” – MÜSAHİBƏ

Avropa Liqasının qrup mərhələsində “Saint-Etienne”lə qarşılaşan “Qəbələ” 1:2 hesabı ilə məğlub olub.

İdmanxeber.com xəbər verir ki, “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Teo Uiks oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

– Hesabı “Qəbələ” açdı. Gözləmək olardı ki, bunun davamını gətirəcəksiniz və qrupda ilk qələbənizi qazanacaqsınız. Nə baş verdi ki, sonda məğlub oldunuz?

 

– Oyunu udmalı idik. Bunun üçün imkanımız da oldu. Təəssüf ki, meydanı xalsız tərk etdik. Demək olar, oyunu rəqibə hədiyyə etdik. Öz səhvlərimizdən qapımızda qollar gördük. Nəticədə məğlubiyyətlə üzləşdik.
 

 

– 1:2 hesabı ilə geri düşdükdən sonra oyunu dəyişmək üçün şansınız oldu. Amma istifadə edə bilmədiniz…

– Razıyam, hesabı dəyişmək üçün şanslarımız oldu. Hətta rəqib hesabda önə keçənə qədər də qol vurmağa yaxın idik. Ancaq bu şanslardan istifadə edə bilmirsənsə, məğlubiyyətlə də barışmalısan. Ona görə qol epizodlarını mümkün qədər maksimum realizə etmək lazımdır.

 

 
– Baş məşqçi sizi fərqli mövqedə – dayaq yarımmüdafiəçisi kimi oynatdı. Özünüzü necə hiss edirdiniz?

 

 

 
– Əlbəttə, heyəti baş məşqçi qurur və o, tapşırıqlar verir. Bu dəfə yer aldığım mövqedə oynamaq mənim üçün narahat idi. Həqiqətən də öyrəşmədiyim yerdə çıxış edirdim. Bu da məcburiyyətdən atılmış addım idi. Heyətimizdə zədəli futbolçuların çox olması baş məşqçini yerdəyişmələr etməyə vadar etmişdi.
 

 

Zədəli futbolçuların yoxluğu hiss olunurdu?

 

– Onlar bizim üçün vacib futbolçulardır. Bu gün meydana çıxa bilməmələri çoxsaylı yerdəyişmələrə səbəb oldu. Amma futbolda zədədən də qaçmaq olmur.
 

 

Qarşıda 2 oyun qalıb və “Qəbələ”nin pley-off üçün şansı bitib. Bu matçlara motivasiya olmaq çətin olmayacaq?

– Düzdür, növbəti mərhələyə yüksəlmək üçün şansımız qalmayıb. Çalışacağıq, xal qazanaq. Təbii ki, bundan sonra əsas diqqətimizi çempionat oyununa yönəldəcəyik. Artıq Premyer Liqada uğur qazanmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43