Ölkə futbolu

Tərlan Əhmədov: “AFFA məşqçilərin daha da savadlanması üçün dəstəyini əsirgəmir”

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun oktyabrın 20-dən 23-dək İsveçrənin Nyon şəhərində UEFA tərəfindən “UEFA Coach Education: Student Exchange” proqramı çərçivəsində keçirilən seminarda iştirak etdiyini xəbər vermişdik.

İdmanxeber.com-u məlumatına görə, oktyabrın 24-də artıq komandasının başında olan Tərlan Əhmədov klubun rəsmi facebook səhifəsinə açıqlamalarında səfər təəssüratlarını bölüşüb:

“Bu cür kurslar hər il olur. Xüsusən də yenicə Pro kurslarının keçirilməyə başladığı ölkələrin nümayəndələri üçün. Hər halda bir növ təkmilləşdirmə kursu oldu. AFFA məşqçilərin daha da savadlanması üçün dəstəyini əsirgəmir. Eləcə də UEFA məşqçilərə dəstəyini göstərir. Biz orada olduğumuz müddətdə Azərbaycanla bərabər, Makedoniya, Albaniya və Gürcüstan təmsilçiləri gəlmişdi. Bizdən 10 gün əvvəl isə Ukrayna nümayəndələri gəlmişdi. UEFA–nın Nyondakı mənzil-qərargahında baş tutan görüşlərdə UEFA təlimatçıları tərəfindən hərtərəfli bilgi verilir. 10-a yaxın təlimatçı var idi. Onlar media ilə münasibət, futbolçularla rəftar, peşəkar klubda effektiv, yüksək səviyyəli iş görməyin yolları, peşəkar klubda Pro lisenziyalı məşqçilərin işini qurmalı olduqları struktur barədə geniş məlumat verdilər. Bunların hamısı incəliklərinə qədər izah edildi. Sonda fikir mübadiləsi apardıq. Məncə, çox maraqlı bir seminar oldu”.

Əhmədov seminar zamanı bir sıra tanınmış simalarla da görüşməyə imkan tapıb

“Orada yaxşı əlaqələr quruldu. Məsələn, vaxtilə “Neftçi”də oynamış makedoniyalı Zəki var idi, onunla görüşdük. Keçmişi yada saldıq. Gürcüstan futbolunun canlı əfsanələri Aleksandr Çivadze və Otar Qabeliya ilə də canlı ünsiyyətimiz oldu. Seminar vaxtı 1 dəfə Devid Moyesi də dəvət etmişdilər. İngiltərə Premyer Liqasının ab-havasını duymuş, “Mançester Yunayted” kimi komandanı çalışdırmış şotland mütəxəssis öz təcrübəsini bizimlə məmnuniyyətlə bölüşdü. Ümumiyyətlə, futbol aləmində bu cür əlaqələr gərəklidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43