Ölkə futbolu

Tərlan Əhmədov: “Son oyunlar onu göstərir ki, yayda komandada dəyişikliklər olmalıdır”

Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində keçirilən AZAL-“Sumqayıt” oyunu 1-1 hesabı ilə başa çatdı.  

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Birinci hissədə 3,4 qol epizodu yaratdıq. Amma istifadə edə bilmədik. AZAL-da isə epizod olmadı. Futbolda isə belə bir qanun var – qol vurmasan, qol buraxacaqsan. Mənə elə gəlir ki, özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik. Bu gün uduza da bilərdik. Başqa nə deyim? “Sumqayıt” komandasına gələn oyunlarda uğurlar arzu edirəm. Sumqayıt şəhərində bəlkə də məndən çox komandanın qələbəsini istəyən yoxdur. Şəxsən mən istəyərdim ki, bu gün bir nəfər gəlsin bizi bu vəziyyətdən çıxarsın. Mənim indi belə bir halım yoxdur. “Sumqayıt” mənim üçün təkcə futbol komandası deyil. Sumqayıtda böyümüşəm, futbola başlamışam. Komandanın qələbə qazanmasını istəyirəm”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, son saniyələrdə qol buraxdıq. Hər halda son oyunlar onu göstərir ki, yayda komandada dəyişikliklər olmalıdır. Əgər oyunçu yaxşı futbol sərgiləmirsə, dəyişikliklərə ehtiyac var. Problem ondadır ki, zədəli oyunçularımız az deyil. Freddi Mombonqo isə cəzalı idi. Bu problemə görə meydançaya gənc Aydın Qasımovu buraxmışdıq. Heyətdəki problemlər mənim işimi çətinləşdirir. Bütün bunlara baxmayaraq, 1 xal qazandıq. Bir xal da qənimətdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43