Ölkə futbolu

Toni Adams: “Henrix Bakıdakı oyunda oynamalıdır”

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams Avropa Liqasında bir zamanlar kapitanı olduğu “Arsenal”la “Qarabağ” arasında keçiriləcək oyunlar barədə fikirlərini açıqlayıb.

İdmanxeber.az-ın azerisport.com-a istinadən yaydığı xəbərə görə, Adams bu qarşılaşmaları böyük maraqla gözlədiyini söyləyib:

“Qarabağ” Bakıdakı oyunda uğurlu nəticə əldə edə bilər. Hesab necə olacaq, bu haqda nəsə deyə bilmərəm. Amma onların buna gücü çatar. Londonda isə hər şey əksinə olacaq. Bu görüşdə Azərbaycan çempionuna şans görmürəm”.

“Azərbaycanla Ermənistan arasında problemlərin olduğunu nəzərə alsaq, sizcə, “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan Bakıya gəlməlidirmi” sualına Toni Adams belə cavab verib:

“Bu, siyasət yox, futboldur. O, birmənalı şəkildə hörmətə layiqdir. Hesab edirəm ki, onun həmin görüşdə iştirakı hər kəs üçün yaxşı olar. Henrix Bakıdakı oyunda iştirak etməlidir”.

Toni Adams işlərinin çoxluğu səbəbindən Bakıdakı oyuna gələ bilməyəcəyini söyləyib: “Amma Londondakı təkrar matçda olacağam. Ümid edirəm ki, bu görüşə qiymətli dostum, Azərbaycan futbolu üçün çox iş görmüş Tale Heydərovla (“Qəbələ” klubunun prezidenti – red.) birgə baxacağıq”.

Xatırladaq ki, “Qarabağ”la “Arsenal”la arasında ilk matç (2-ci tur) oktyabrın 4-ü Bakıda, cavab görüşü (6-cı tur) dekabrın 13-ü Londonda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43