Ölkə futbolu

“Top 5″ liqaların birində oynamaq istəyirəm” – millimizin futbolçusu

Azərbaycanda fəaliyyət göstərən “European Football Academy”nin  (EFA) yetirməsi olan Məsud Əlişanlının İtaliyanın “Peruca” klubunun akademiyasında olduğunu daha öncə oxucularımızın diqqətinə çatdırmışdıq.

Sözügedən ölkədə oyunçularla 18 yaşından sonra rəsmi müqavilələr imzalandığı üçün Məsud bir müddət daha gözləməlidir. Bu barədə həmin vaxt EPA-nın rəhbəri Vüsal Mustafayev saytımıza məlumat vermişdi. 

17 yaşlılardan ibarət millimizin üzvü bir müddətdir sözügedən akademiyada məşqlərini davam etdirir və karyerasını İtaliyanın aparıcı klublarından birində davam etdirməyi hədəfləyir. Hazırda gənc futbolçunun durumunun nə yerdə olduğunu və İtaliyadakı hazırlığının necə getdiyini öyrənmək üçün özü ilə əlaqə saxladıq. 

Məsudun idmanxeber.az saytına verdiyi müsahibəni təqdim edirik:

-Artıq bir müddətdir İtaliyadasan. Təsuratların necədir?

-Çox şükür, hər şey qaydasındadır. Uşaqlığımdan bəri olan xəyallarımı həyata keçirməyə çalışıram. Buna görə də çox sevincliyəm.

-Darıxmırsan?

-Xeyr, mən uşaqlıqdan bəri özümü buna hazırlamışam. 7 yaşımdan futbolun içindəyəm. Həmişə bütün xəyalım Avropada oynamaq olub. Bütün istəyim belə ölkələrdə yaşamaq və burada çıxış etməkdir. Mənə çox deyiblər ki, çətin olacaq, darıxacaqsan və.s. Ancaq heç də belə deyil, çətinlik çəkmirəm.

-İtaliyada bir neçə klubun maraq dairəsində olduğun iddia edilir. Hansısa klubdan rəsmi təklif almısan?

-Açığı, belə bir şey eşitməmişəm. Belə məlumatları akademiyalar öz aralarında danışırlar. Mən yalnız məşqlərim, hazırlığım barədə düşünürəm. Hazırda mənim üzərimə düşən oyunlara və günlük futbolçu rejiminə diqqət etməkdir. Çalışıram bütün fikrimi bunlara yönəldim. Hansı klubların mənimlə maraqlanmağı barədə özümə heç bir məlumat verilməyib. 

-Ümumiyyətlə, özünü Avropa klublarının birində çıxış edəcək səviyyədə görürsən?

-16 yaşım olmasına baxmayaraq, 17-19 yaşlılarla birgə məşq edirəm. Bütün məqsədim özümü inkişaf etdirməkdir. Avropa futbolu səviyyəsində olmaq üçün buradayam. Mənimlə yanaşı, akademiyanın da əsas hədəfi bizim o səviyyəyə gəlməmizdir. Bir çox ulduz futbolçular var ki, bu akademiyada yetişiblər. Buna misal olaraq İtaliya futbolunun önəmli isimlərindən biri olan Qattusonu göstərmək olar. Məşqçilər də kifayət qədər səviyyəlidir. Hər şeyləri çox yüksək dərəcədədir. 

 

-Artıq bir müddətdir İtaliyadasan. Yəqin ki, onlarla Azərbaycan arasında futbola yanaşmada ciddi fərqlər var…

-Belə fikirləri çox eşidirəm, çoxları belə düşünür  Ancaq mən bununla razı deyiləm. Açığı, əvvəllər özüm də belə fikirləşirdim. İtaliyaya gəldikdən sonra gördüm ki, vəziyyət başqadır. Bilirsiniz ki, mən milli komanda ilə birgə çox təlim-məşq toplanışında iştirak etmişəm. Əminliklə deyə bilərəm ki, bizdə futbola yanaşma daha ciddidir. Məsələn, mən ölkəmizdə istər milli ilə, istərsə də EFA ilə hər hansı bir oyuna çıxanda paltardəyişmə otağındakı ciddilik, ab-hava çox fərqli olur. Burada isə onu görməmişəm. Bəlkə də yoldaşlıq oyunlarında işitrak etdiyim üçündür. Ola bilsin rəsmi görüşlərdə burada da durum başqadır.

-Əsas hədəflərin nədir? Karyeranı hansı klubda davam etdirmək istəyirsən?

-Hazırda yalnız inkişaf barədə düşünürəm. Əlbəttə, bir çox məqsədim var. “Top 5” liqalarının birində forma geyinmək istəyirəm, ancaq bu barədə fikirləşirəm. Bunun üçün də əlimdən gələn qədər çalışıram. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43