Ölkə futbolu

Topaz Premyer Liqası: 5-ci turdan məqamlar

Topaz Premyer Liqanın V turu bir sıra məqamlarla yadda qalıb.

PFL-in rəsmi saytına istinadən verdiyimiz məlumata görə, bu tur əsasən AZAL, “Qarabağ” və “Bakı” klubları üçün əlamətdar olub.

AZAL: yenə 5-ci turda

Topaz Premyer Liqasının 5-ci turu liderin dəyişməsi ilə əlamətdar oldu. Səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən AZAL şəxsi oyundakı qələbə sayəsində turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. Vaqif Sadıqovun yetirmələri mövsümdə ilk dəfə zirvəyə sahib çıxıb.

Maraqlıdır ki, 1 il əvvəl də “təyyarəçilər” 5-ci turdan sonra turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşmışdı. Özü də indiki kimi onda da AZAL zirvədəki “Qarabağ”ı məğlub etməklə bunu bacarmışdı.

İndikindən fərqli ötən il sentyabrın 16-dakı oyunda 6:2 hesabı ilə qalib gələn AZAL həmin vaxt ehtiyatda 1 oyunu ola-ola zirvəni ələ keçirmişdi. 4 matçdan sonra hesabında 10 xal olan paytaxt təmsilçisi 350 gün əvvəl əldə etdiyi zirvəni 8 gün saxlayıb sentyabrın 24-də “Simurq”a vermişdi.

“Qarabağ” klub rekordunun 2 addımlığında dayandı

Mövsümün startında ən uzun qələbə seriyasının müəllifi olan “Qarabağ” Topaz Premyer Liqasının 5-ci turunda ilk xal itkisi ilə üzləşdi. Ardıcıl 4 qələbə qazanan Ağdam təmsilçisi AZAL-a 0:1 hesabı ilə uduzmaqla seriyasını davam etdirə bilmədi. Bununla da  Qurban Qurbanovun yetirmələri klub tarixinin 2-ci uğurlu startına imza atmış oldu. Belə ki, “Qarabağ” 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında yalnız 1 dəfə startda daha çox qələbə qazanıb. 2003/04 mövsümündə Ağdam təmsilçisi ilk 6 qarşılaşmada qalib gəlmişdi. Bu dəfə klub tarixinin 2-ci nəticəsinə imza atan “Qarabağ”ın 10 il əvvəlki rekordu təkrarlamasına 2 qələbə çatmadı. Lakin bu nəticə son 10 mövsümdə ən uğurlu start oldu.

“Bakı” klub rekordunu təkrarladı

Topaz Premyer Liqasının 5-ci turu “Bakı” üçün də əlamətdar olub. Paytaxtın eyniadlı təmsilçisi ardıcıl qazandığı böyükhesablı qələbələrin sayını 3-ə çatdırıb. 3-cü turda “Rəvan”ı 5:0, 4-cü turda “Simurq”u 3:0 hesabı ilə məğlub edən Milinko Pantiçin yetirmələri bu dəfə “Neftçi”ni 3 cavabsız qolla məğlub etdi.

“Bakı” 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi həmin vaxt da ardıcıl 3 böyükhesablı qələbə əldə etmişdi.

2008-ci il noyabrın 22-də “Turan”ı 7:0, 29-da “Muğan”ı 4:0 məğlub edən “Bakı” 2009-cu il fevralın  15-də MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43