Ölkə futbolu

“Toral “Qalatasaray”da əsas heyət oynamayacaqsa, getməməlidir”

“Toral Bayramov çox hörmət etdiyim, inandığım futbolçudur. Onun futbol keyfiyyətləri əsl Avropa oyunçusunun göstəricisidir. Amma futbolçu klub dəyişikliyi edərkən mütləq diqqətli olması və hər bir durumu nəzərdən keçirməlidir”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov “Qarabağ”ın futbolçusu Toral Bayramovun “Qalatasaray”a keçəcəyi barədə çıxan iddialara cavab verərkən deyib. O, daha sonra belə davam edib:

“Klub dəyişərkən veriləcək səhv qərar futbolçunun karyerasında enişə səbəb olar. Sonra isə qalxmaq bir az çətin olur. Toralın “Qalatasaray”a keçib-keçməyəcəyi bəlli deyil. Deyilənə görə, ortada rəsmi bir təklif yoxdur. Yenə də oyunçu çox diqqətli olsun. O, indi futboluna və karyerasına üstünlük verməlidir.

Bəli, “Qalatasaray” böyük klubdur və belə bir komandada oynamaq yüksəlişdir. Amma əsas heyətdə oynamayacaqsa, getməməlidir. Toral düzgün qərar verərsə, gələcəkdə daha böyük klublardan təklif ala bilər”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43