20 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”un yeni baş məşqçisi bəlli oldu 

“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib. Mövsüm başa çatınca Ayxan Abbasovla yolları ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.

Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə 3 gün öncə Azərbaycana dəvət olunub.

1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”, “Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala “Dinamo”su olub.

Berdiyevin əsas uğurları “Rubin”lə bağlıdı.

O, Kazan klubunda 2 dəfə Rusiya Premyer Liqası və Rusiya Superkubokunu, 1 dəfə isə Rusiya Kubokunu qazanıb.

Berdiyev gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza atacaqlar.

Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 6-cı pillədə başa çatdırıb. (Matc.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43