08 Sentyabr 2024
Ölkə futbolu

“Türkiyə liqasını özüm üçün uyğun hesab edirəm” – azərbaycanlı futbolçu

“Hazırda vəziyyət normaldı. Oyunlar bərpa olunur. Sabah “Sakaryaspor”la növbəti görüşümüzü keçirəcəyik”.

Bu sözləri İdmanxeber.az saytına Türkiyə I Liqa təmsilçisi “Tuzlaspor”da çıxış edən Bəxtiyar Həsənalızadə deyib. O, “Ankaragücü”nün prezidenti Faruk Kocanın baş hakim Halil Umut Meleri vurmasından sonra ab-havanın yaxşı olmadığını bildirib:

“Bir müddət idi ara qarışmışdı. Ancaq indi nisbətən vəziyyət düzəlib. Futbol üçün xoş olmayan hadisə idi. Klub lazımi reaksiyanı verdi. Futbolçular da belə hadisənin olmasından narahatdır və bunu pisləyir. Bu cür davranışa haqq qazandırmaq olmaz”.

Həsənalızadə Tuzla klubunda maaş probleminin olduğunu da gizlətməyib:

“Gecikmələr olur. İki aydır maaş ala bilmirik. Amma çalışıram belə şeyləri çox düşünməyim. Tamamən işimə köklənməyə çalışıram”.

30 yaşlı futbolçu qış transfer pəncərəsində Azərbaycana qayıdıb-qayıtmayacağı barədə də danışdı:

“Hazırda ölkəmizdən mənə hər hansı bir rəsmi təklif yoxdur. Bu barədə indidən danışmaq tezdir. Təklif olsa belə “Tuzlaspor”la danışmalı olacaqlar. Açığı, bu liqanı özüm üçün uyğun hesab edirəm. Səfər oyunlarında ab-hava, atmosfer çox əla olur. Liqasının səviyyəsi yaxşıdır, burada keyfiyyətli futbolçular var”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43