07 Noyabr 2024
Müsahibə

Tuyqun Nadirov: “Belə addım peşəkarlıqdan uzaqdı”

“AFFA rəhbərliyi sağ olsun ki, azarkeşləri nəzərə alaraq, məhz belə qərar çıxardı. Yəni, İntizam Komitəsi komandamıza yalnız maddi sanksiyalar tətbiq etdi. Bu, assosiasiyanın azarkeşlərə qoyduğu hörmətin təzahürüdü”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

 

İntizam Komitəsinin bu gün keçirilən iclasında “Xəzər Lənkəran”a 19 min manat cərimə kəsilməklə yanaşı, bir sıra cəzalar verib. Buna səbəb isə Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə görüşündə baş verən qalmaqaldı: “İndiki vəziyyətdə ən düzgün addım bu idi. Çünki stadion da sanksiyaya məruz qala bilərdi. Lakin AFFA vəziyyəti düzgün qiymətləndirərək, “Xəzər Lənkəran” və azarkeşlərinə qarşı bir jest etdi”.

 

Vitse-prezident 2 gün əvvəl keçirilən qarşılaşmadan sonra baş verən qalmaqala da toxunub: “Təəssüf ki, “Neftçi” rəhbərliyi oyundan əvvəl bizə yolladığı məktubda bir, qarşılaşmanın başlamasına 20-30 dəqiqə qalmış isə başqa şey deyir. Sorğumuza cavab olaraq göndərilən məktubda onlar azarkeşlərin olmayacağını, əks halda, bu haqda sonradan məlumat verəcəklərini qeyd etmişdilər. Həmin məktubla artıq futbol ictimaiyyəti tanışdı. Matçın başlamasından əvvəl “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov bizə zəng vurub, “60-70 azarkeşimiz var” deyir. Belə addım peşəkarlıqdan uzaqdı. Əvvəlcədən deməli idilər ki, biz qonaq azarkeşlər üçün sektor, mühafizə ayıraq. Həmin vaxt bizim ixtiyarımız da var idi ki, onları stadiona buraxmayaq. Lakin dəfələrlə zəng etdilər. İntizam Komitəsi belə məsələləri daha dərindən araşdırmalıdı”.

 

Nadirov “Xəzər Lənkəran”la “Neftçi” arasında oyunlara qonaq komanda azarkeşlərinin buraxılmağına qadağa qoyulmasına da münasibət bildirib: “Xəzər Lənkəran”ın səfər görüşlərinə toplanan azarkeşlərin sayı başqa klubların ev oyunlarına gələn azarkeşlərdən qat-qat çoxdu. “Neftçi” ev oyunlarına gələn 2-3 min tamaşaçı ilə bacarmır. Biz isə bundan artıq azarkeş qarşısında oynayırıq. Komandamızın harada oynamasından asılı olmayaraq, hər yerdə azarkeşi var. Bizim özümüzlə harasa azarkeş aparmağımıza ehtiyac yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43