08 Sentyabr 2024
Kateqoriyasız

Tuyqun Nadirov: “Müəyyən araşdırmalar aparılıb” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun  müsahibəsi

– Komandanın hazırlıq prosesini izləyirsinizmi? Hansı yeniliklər var?

– Əlbəttə, izləyirik. Mən də Antalyaya getmişdim, komandanın təlim-məşq toplanışını diqqətdə saxlayırıq.

– Futbolçuların işə yanaşma tərzi sizi qane edirmi?

– Ciddi hazırlaşırlar. Baş məşqçi heyəti gücləndirmək üçün bir neçə futbolçunun transferini istəyib. Hazırda bu istiqamətdə işlər gedir. Yaxın günlərdə həmin futbolçuların adları açıqlanacaq.

– Həmin futbolçular Türkiyədə, yoxsa başqa ölkələrdə çıxış ediblər?

– Legioner olduqları dəqiqdir. Amma başqa ölkədən gələcəklər. Seçimi baş məşqçi edib. Həmin futbolçular başqa ölkədə yaxşı çıxış etdiklərindən diqqət mərkəzinə düşüblər.

– Baş məşqçi Mustafa Dənizli həmin oyunçuları birbaşa iş başında yoxlayıb, yoxsa disklərə baxmaqla seçim edib?

– Müəyyən araşdırmalar aparılıb.

– Transfer çalışmalarının bu qədər gec həyata keçirilməsi nə ilə bağlıdır?

– Hər bir məşqçinin öz iş üslubu var. Qış fasiləsi zamanı çempionatımızda çıxış edən 2 gənc oyunçunu heyətimizə qatdıq. Eyni zamanda, xorvatiyalı qapıçı ilə də müqavilə imzaladıq. Həmin qolkiper 3 il Türkiyədə çıxış edib. Sonra “Şerif”in uğurları üçün çalışıb. İndi isə digər mövqeləri gücləndirmək istəyirik. Transferini düşündüyümüz futbolçuların baxışa gəlməsinə ehtiyac yoxdur. Yüksək səviyyəli, özlərini sübut etmiş oyunçulardır. Buna görə də birbaşa müqaviləyə gələcəklər.

– Qış fasiləsinə qədər uğursuz çıxış edən “Xəzər Lənkəran”ın ikinci yarıda məqsədi nədir?

– Hər bir görüşdə maksimum nəticə qazanmalıyıq. “Xəzər Lənkəran”ın uduzmağa, xal itirməyə haqqı yoxdur. Komanda mövsümü adına layiq pillədə başa vurmalı, eyni zamanda ölkə kubokunu qazanmalıdır.

– Deyəsən, ölkə kubokunu qazanmağı daha çox istəyirsiniz?

– Hər iki cəbhədə uğur qazanmalıyıq. Mustafa Dənizli kimi mütəxəssisin bu gün ölkəmizdə çalışması tək “Xəzər Lənkəran”ın deyil, Azərbaycan futbolunun inkişafına xidmət edir(apasport.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43