Kateqoriyasız

Tuyqun Nadirov: “Söhbət maaşı artırmaqdan getmir”

“Klubların bəzilərini indiki limit qane edir, bəziləri isə dəyişilməsinin tərəfdarıdır. Müəyyən bir qərara gələ bilmədik. Bununla bağlı klub rəhbərləri baş məşqçilərlə də görüş keçirəcək. Biz həmçinin limit dəyişikliyi ilə bağlı AFFA-dan müəyyən statistik məlumatları da istədik. Məsələn, hansı mövqedə neçə azərbaycanlı futbolçu çıxış edir. Digər tərəfdən, hər il legioner limitini dəyişməyə də dəyməz. Bu, futbolun inkişafına mənfi təsir göstərir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

AFFA klublar komitəsinin rəhbəri olan Nadirov 23 yaşadək futbolçuların maaşı ilə bağlı qəbul olunan limitə də münasibət bildirib: “Bununla bağlı iş gedir. Burada söhbət maaşı artırmaqdan və ya azaltmaqdan getmir. Məsələn, elə oyunçular var ki, layiq olduğundan az qazanır. Bizim hədəfimiz ondan ibarətdir ki, ortaq məxrəcə gələk, futbolçularımızın xarici klublara getməsinə nail olaq”.

T.Nadirov sonda XL-in Zaqatalada aldığı məğlubiyyət haqda bunları dedi:

“Düzdü məğlub olduq, ancaq biz düzgün yoldayıq. Yaxın 2-3 ay ərzində bu futbolçular özlərini tapacaqlar, səviyyələrini artıracaqlar. Mən buna qətiyyən şübhə etmirəm”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43