Ölkə futbolu

UEFA nümayəndəsi “Neftçi” və “Xəzər Lənkəran” rəsmiləri ilə görüşəcək

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib. AFFA-nın Lisenziyalaşdırma qrupunun, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin meneceri Sefton Perrinin və Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələrinin iştirak etdiyi görüşdə «Azərbaycan futbol Premyer Liqasında iştirak etmək üçün klubların lisenziyalaşdırılması üzrə Qaydalar» və «UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar» barədə ətraflı məlumat verilib, ötən mövsümlə müqayisədə qaydalara edilən əlavə və dəyişiliklər qeyd olunub, lisenziyalaşdırma prosesi çərçivəsində həyata keçiriləcək tədbirlərin proqramı açıqlanıb. Klub nümayəndələrinə adıçəkilən qaydaların öz əksini tapdığı vəsaitlər təqdim olunub.

Noyabrın 20-də “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Simurq”, AZAL, “Qəbələ” və “Bakı” klublarının nümayəndələri ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin meneceri Sefton Perrinin ayrı-ayrılıqda görüşü keçiriləcək. AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvləri görüşlərdə iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43