Ölkə futbolu

Uğurlu son – YAZI

Gəldik çıxdıq daha bir seçmə mərhələnin sonuna. Hər dəfə üzüntü ilə, kədərlə yola saldığımız tsikllərdən fərqli olaraq bu dəfə major notda bitirə bildik qrup oyunlarını. Zarafat deyil e, hələ bu günə kimi görmədiyimiz nəticə gördük: 9 xal. Mən hələ qrupda tutduğumuz 4-cü yeri demirəm. Azarkeşlər məst olublar, sevinən kim, gülən kim, oynayan kim?!

Keçin sadə azarkeşləri, hətta idman mediası belə o qədər ekstaz halındadır ki, Şimali İrlandiya ilə oyundan sonra mətbuat konfransında baş məşqçi Foqtsu ayaqüstə alqışlarla qarşıladılar.

Bir qələbə ilə hər şey yaddan çıxdı. 3 məğlubiyyət də, Lüksemburqa qarşı itirilən 4 xal da. Elə bil Lüksemburqla oyunlardan sonra Berti Foqtsu söyən də, yıxıb yerdən-yerə vuran da bunlar deyildi.

Türklərin yaxşı bir sözü var. Deyir, məsələn, filankəs “Spor yazarı yox, skor yazarıdır”. Biz də bu son günlərdə müşahidə elədik ki, bizdə “skor yazarları” daha çoxdur, nəinki həqiqi idman yazarları.

Əlbəttə, heç kimin  bu uğuru danmaq və ya başqa yönlərə çəkmək niyyəti yoxdur, ancaq qazanılmış bu xallar və qrupdakı tutduğumuz yer məncə, birbaşa Foqtsdan daha çox klub futbolumuzun, ayrı-ayrı klublarımızın qazandığı nailiyyətlərin nəticəsidir.

Necə olur ki, məğlub olduğumuz hansısa oyundan sonra Foqts çıxıb, “sizin oyunçuların bacarığı budur, mən onlara topa necə vurmağı öyrətməli deyiləm ki?” deyə bilir, məğlubiyyətdə, xal itkisində yaxasını kənara çəkə bilir. Ancaq qalib gələndə, xal qazananda alqışlanan Foqts olur.Keçin bu işləri, hadisələrə daha yüksəkdən baxmaq lazımdır, o zaman görmə bucağınız daha geniş olacaq.

Keçən il Avropa Liqasında qrup mərhələsində oynayan “Neftçi”nin və Böyükağa Hacıyevin, bu il Avroliqada yenidən play-offdan dönən “Qarabağ”ın və Qurban Qurbanovun bu milli üzərində əziyyəti Foqtsdan daha çoxdur.

Məhz onların fərdi uğurları nəticəsində bu gün yığmamız hansısa irəliləyişə nail ola bilib. Bunu görməmək və danmaq üçünsə, gərək ümumiyyətlə, futboldan xəbərsiz olasan.

Yazımı Rusiya ilə son oyun haqqında bir neçə cümlə ilə bitirmək istəyirəm. Oyun haqqında elə geniş danışmağa məncə, gərək yoxdur, artıq iki-üç gün keçib və hər kəs oyunun görüntülərini izləyib. Diqqətimi çəkən bir neçə məqam var ki, onlardan bəhs etmək istəyirəm.

Öncə, Foqtsun güvəndiyi ilk “11-lik” haqqında. Əlində nominal dayaq yarımmüdafiəçisi kimi Rəşad Sadiqov, Rahid Əmirquliyev və Qara Qarayev olan bir məşqçi hansı məntiqlə cinah müdafiəçisi olan Maksim Medvedevi ilkin heyətə mərkəz yarımmüdafiəçisi kimi salır, çox maraqlıdır.

İkinci müşahidə elədiyim və bəyəndiyim məqam isə bu oldu: Oyun epizodlarının birində künc zərbəsi vurmağa hazırlaşan Aleksandr Səmədova azarkeşlər kənardan yad cisimlər atmağa başladılar. Bu məqamda Rəşad, Ruslan, Kamran kimi lider özəllikli futbolçuların tribunalara tərəf gedərək bu hərəkətlərə son vermələrini xahiş etmələri və xüsusilə, Kamranın Səmədova təsəlli verməsi çox xoş görüntü idi. Baxmayaraq ki, oyundan əvvəl Rəşad Sadıqov Aleksandr Səmədov haqqında kifayət qədər aqressiv açıqlamalar səsləndirmişdi. Bax, alqışlanası əsas məqam budur, əziz həmkarlar.

P.S. Ancaq bütün bu yaşananlardan sonra künc zərbəsini yerinə yetirmək üçün yenidən topa Səmədovun yaxınlaşması isə bir azca provakator xarakterli idi. Yaxşı ki Kapello və köməkçiləri olanları vaxtında gördülər və Aleksandrı əvəzləyərək yaşana biləcək daha iriçaplı hadisələrin qarşısını aldılar.

Zaur Xudiyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43