Ölkə futbolu

“UltrAraz”dan “Xəzər Lənkəran” və “Neftçi” azarkeşlərinə çağırış

“Araz-Naxçıvan” PFK-nın rəsmi fan-klubu olan “ultrAraz” bu gün 23 oktyabrda Naxçıvanda “Xəzər Lənkəran” və “Neftçi” arasında baş tutacaq Super Kubok oyunu üçün hər iki klubun azarkeşlərinə, fan-klublarına çağırış edib. Çağırışın mətnini diqqətinizə çatdırırıq:

“Bizim üçün dəyərli olan “Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri…

Əvvəla sizin hamınızı 23 oktyabrda Naxçıvanda baş tutacaq “Xəzər Lənkəran” – “Neftçi” oyununa dəvət edirik. Sizləri Naxçıvanda görməkdən məmnunuq və istəyirik ki, bu matçı sizlərlə birgə seyr edək. Çünki futbol azarkeşlər üçün oynanılır.

Əziz dostlarımız, qardaşlarımız. Artıq 10 ildən bəridir ki, sizin fan-klublarınızın arasında əbədi və əzəli rəqabət, ədavət davam edir. Amma bu bəzən əndazədən çıxaraq stadionda, bəzən də stadiondan kənarda davam edir. 28 may 2013-cü il tarixində, Azərbaycan Kubokunun finalında Respublika stadionda, həmçinin 21-ci Azərbaycan çempionatının IV turunda Lənkərandakı matçdan sonra baş verənlərə görə “ultrAraz” olaraq təəssüflənirik.

Bizim əzizlərimiz. İnanırıq ki, 23 oktyabrda Naxçıvanda baş tutacak Super Kubok matçında belə olaylar yaşanmayacaq. Biz “ultrAraz” olaraq sizi bu və bundan sonrakı matçlarda dostluğa, qardaşlığa dəvət edirik. İnanırıq ki, bundan sonra siz 90 dəqiqəlik oyun zamanı rəqib olsanız da, matçdan sonra hər şey əvvəlki axarı ilə davam edəcək”.

Hörmətlə: “ultrAraz” fan-klubunun idarə heyəti…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43