İdman Müsahibə

“Ümumiyyətlə, güləşmək istəmirdim, səbəbini deməyəcəyəm” – Mariya Stadnik

Azərbaycanın qadın güləşçisi, Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Mariya Stadnikin müsahibəsi

– Varşavada qızıl medal qazanaraq, 8-ci dəfə Avropa çempionu oldunuz. əvvəlcə təəssüratlarınızı bilmək maraqlı olardı…

– Bu medal mənə xeyli emosiya gətirdi. Çünki pandemiya şəraitində və həyatımdakı müxtəlif hadisələrlə əlaqədar bu yarışa ümumiyyətlə qatılacağımı düşünmürdüm. Amma hər halda, buraya gəldim və qələbə qazandım. Olduqca böyük emosiyalar keçirirəm. Hazırda bu qələbənin dadını hiss edirəm və qızıl medalın mənim üçün nə dərəcədə vacib olduğunu başa düşürəm.

– 2 ilə yaxın heç bir yarışda iştirak etməsəniz də, artıq kifayət qədər medalınız var. Budəfəki titul sizin üçün nə dərəcədə vacibdir: Bəlkə gücünüzü sınamaq və hər şeyin qaydasında olduğuna əmin olmağınız üçün?

– Bilirsiniz, bu medal mənim üçün xüsusilə vacibdir. Səbəbini demək istəmirəm. Çünki ümumiyyətlə güləşmək istəmədiyimi düşündüyüm hallar oldu. Amma bunu heç kim bilməməlidir (gülür). Ona görə bu medal önəmlidir. Toparlandım və bundan sonra da mübarizə apara biləcəyimi gördüm.

– Necə yəni, güləşmək istəmirdiniz? Axı, sizin Tokio Yay Olimpiya Oyunlarına lisenziyanız var və karyeranızda yalnız olimpiya “qızıl”ı çatmır…

– Həyatda hər şey baş verir. Güləşdən daha vacib şeylər var.

– Bəlkə sizi incidiblər və ya ailəvi səbəblər olub?

– Önəmli deyil. Artıq hər şey yaxşıdır. Bu medala görə Tanrıya və mənə inanıb dəstək olan insanlara minnətdaram. Onların sayəsində və həmin insanların duaları ilə qalib gələ bilərəm.

– Əvvəlkilərlə müqayisədə budəfəki rəqibləriniz nə dərəcədə güclü idi və hansı görüşü fərqləndirərdiniz?

– Rəqiblərimin hamısı Tokio olimpiadasına vəsiqə qazanmış idmançılar idi. Yeni güləşçi yox idi. Finalda məğlub etdiiym bolqarıstanlı Miqlena Selişka ilə 2017-ci ildə Avropa çempionatında qarşılaşmışdım. Sadəcə, bir az həyəcan var idi. Çoxdandır yarışlarda iştirak etmirdim. Bu hissi bir qədər yadırğamışdım. Prinsipcə, hər qarşılaşmadan öncə bir az həyəcan olurdu. Amma rəqiblərimin hamısını tanıyırdım, əvvəllər onlarla üz-üzə gəlmişdim. Nə edəcəklərini bilirdim.

– “Bakı-2015” və “Minsk-2019” Avropa Oyunlarındakı 2 qızıl medalı da əlavə etsək, 10 qitəmiqyaslı çempionluq sizin üçün yubiley xarakteri daşıyır. Avropada qızıl medal sayına görə qadınlar arasında rekordçu olduğunuzu bilirdiniz?

– Bəli, bilirdim. Amma qarşıma rekordçu olmaq hədəfi qoymamışdım. Sadəcə, güləşməyi və qələbə qazanmağı sevirəm.

– Dünya Güləş Birliyi isə medal sayını 7+2 kimi yazıb…

– Qoy, yazsınlar. Şərh vermək istəmirəm. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43