Kateqoriyasız

“Uşaq futboluna ayrılan pulun əcnəbilərə xərclənməsi düzgün deyil” – Riad Rəfiyev

AFFA Klublar Komitəsinin sədri və “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev komitənin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

– İclasda əsas müzakirə obyekti nə oldu?

– Bu gün təxminən 11-12 sual oldu. Əvvəlki toplantılardan daha çox məsələ müzakirə edildi. Məsələlərdən 4-5-i “Neftçi” klubu tərəfindən qaldırıldı. Əsasən oyun vaxtı və görüşdən əvvəl bir neçə protokol qaydası məsələsinə baxıldı. Bildiyiniz kimi, hər matçdan əvvəl gündəlik proqram olur. Komandanın oyun günü neçə saat öncədən stadiona gəlməsi, neçə dəqiqə məşq etməsi, meydanın sulanması və s. Bizdə klublar bu məsələyə fərqli yanaşırlar. Danışıq oldu ki, bunu təkmilləşdirmək üçün hər kluba oyunun gündəlik proqramı verilsin və komandaların yanaşma tərzi eyni olsun.

– “Neftçi” ilə son oyunun ardından “Sumqayıt” tərəfi hakimlikdən narazı idi. Necə düşünürsünüz, hakimlər tərəfindən komandanıza qarşı ədalətsizlik var?

– Düşünmürəm ki, çempionatda hansısa komandaya qarşı qərəzli mövqe tutulur, hakimlər kiməsə qarşı qəsdən nəsə edirlər. İnanmıram ki, nə vaxtsa bu olub. Hakim səhvləri olub, bundan sonra da olacaq. Hakimlər Komitəsinin sədri Frits Ştuxlik ötən iclasımızda da bunu qeyd etdi. Bu, təkcə Azərbaycanda deyil, hər yerdə belədir. Amma inkişaf etmək istəyiriksə, bir-birimizə kömək etməliyik.

– Uşaq futboluna yatırımla bağlı məsələdə əsas tövsiyələr nə oldu?

– Həmin pul sırf uşaq futboluna ayrılıb və hər klub öz hesabatında hara xərclədiyini göstərməlidir. Anlaşılmaz məqam “transfer pəncərəsi” dönəmində xeyli sayda oyunçunun alınması oldu. Halbuki bundan əvvəl heç vaxt qış fasiləsində bu qədər transfer olmamışdı. Söhbət zamanı vurğulandı ki, həmin pulların əcnəbilərə xərclənməsi düzgün addım deyil. Vəsait uşaq futboluna, akademiyalara sərf olunmalıdır.

– 1996-1997-ci il təvəllüdlü futbolçular bu mövsüm də 21 yaşadək oyunçu limitində saxlanıldı. Növbəti mövsüm üçün hansı yaş qrupu nəzərdə tutulacaq?

– Bu məsələyə görə qərara gəldik ki, aprelin 16-da keçiriləcək növbəti iclasa milli komandaların məşqçilərini də dəvət edək. Onların da bu barədə fikirlərini öyrənmək istəyirik. Ümumiyyətlə, çalışırıq imkan daxilində tez-tez görüşək. Çünki müzakirə ediləsi məsələlər çoxdur. Kimsə düşünə bilər ki, bunlar xırda məsələlərdir. Amma heç də belə deyil. O qədər xırda məsələlər var ki, üst-üstə qoyulanda böyüyür və klublara doğrudan da ziyan vurur.

– Klublar son vaxtlar verilən bəzi cəzalardan narazıdılar. Bununla bağlı söhbət oldumu?

– Belə inzibati məsələləri keçən iclasımızda müzakirə etmişdik. Bu gün də danışdıq. Növbəti mövsümdən dəyişikliklər olacaq.

– Rəhbərlik etdiyiniz “Sumqayıt”ın çempionatda sonuncu pillədə qərarlaşması sizi narahat etmir?

– Son pillədən qurtulmaq üçün bu amil bizə əlavə stimul verir. Hətta 5-ci yerdə gedən komanda ilə xal fərqi böyük deyil. İrəlidə 8 tur var. Daha yaxşı oynamağa çalışırıq.

– Ötən iclasdan sonra demişdiniz ki, “Futbol+” qəzetinin taleyi də müzakirə ediləcək…

– Bəli, “Futbol+” barədə də danışdıq. Sadəcə, hansısa qəzetə, təşkilata yardım etməyə Klublar Komitəsinin səlahiyyəti yoxdur. Bizim buna gücümüz çatmır. Amma yenə də bununla bağlı söhbətimiz oldu. Qərara gəldik ki, klublar fərdi şəkildə “Futbol+” qəzetinə köməklik göstərə bilər. Bunun üçün də qəzet rəhbərliyinin klublarla əlaqə saxlaması daha yaxşı olar. (Report)

Oxşar xəbərlər

“Səbail”də daha 4 yeni müqavilə

admin

Obradoviç yığmamızın oyunundan danışdı

admin

“Zirə”də “futbolçu soyqırımı”: Heyətin yarısı göndərildi

admin