01 Oktyabr 2024
Kateqoriyasız

“Valetta”nın prezidenti: “Biz Azərbaycanı ancaq “Avroviziya” müsabiqələrindən tanıyırıq”

“Hər şey bizim ev oyununda yaxşı nəticə göstərməyimizdən asılıdır. “Qarabağ”ın çox güclü olması hər kəsə məlumdur. Ancaq heç də hər vaxt statistikada güclü olan komanda qalib gəlmir. Hər halda maraqlı oyun gözləyirik. İlk dəfədir Azərbaycan komandası ilə görüşəcəyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində evdə “Qarabağ”ı qəbul edəcək “Valletta” klubunun prezidenti Viktor Skirihan deyib.

Malta klubunun başqanı Azərbaycan haqqında elə də çox məlumatın olmadığını deyib: “Biz Azərbaycanı ancaq televiziya reklamlarından, “Avroviziya” müsabiqələrindən tanıyırıq. Son zamanlar Azərbaycan Maltada daha çox tanınmağa başlayıb, çünki sizin enerji şirkətiniz Maltanın yeni elektrik stansiyasını enerji ilə təchiz edəcək.

Bircə onu bilirik ki, Qarabağ mənşəli olduğuna və regiondakı vəziyyətə görə rəqibimizə Azərbaycanda dəstək böyükdür. Bu o deməkdir ki, çılğın yerli azarkeşlərin səs-küyü şəraitində oyun çox maraqlı keçəcək. Biz oyunu və Azərbaycan haqqında yeni məlumatlar əldə etməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, “Valletta” – “Qarabağ” oyunu sabah, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43