Ölkə futbolu

Vaqif Sadıqov: “Çox istərdim ki, bu oyunda top buraxmadan qalib gələk”

İyun ayının 10-da yığma komandamız 2018-ci ildə keçiriləcək Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

Oyundan  öncə Məşqçilər Komitəsinin sədri və millimizin keçmiş baş məşqçisi Vaqif Sadıqov idmanxeber.com saytına matç barəsində fikirlərini bildirib:

“Hamımız bu oyunda milli komandamızdan qələbə gözləyirik. İnanırıq ki, bu, baş verəcək. Hər iki komanda üçün vacib oyundur. Gərgin mübarizə şəraitində keçəcək.

Hesab edirəm ki, yığmamızın uğurlu startındna sonra bu matçda qələbə gözləməyə haqqımız çatır. Baxmayaraq ki, ilk oyunda məğlub olmuşuq, amma bu, bizə əlavə stimul verməlidir ki, daha yaxşı oynayıb qalib gələk. Fikrimcə, futbolçularımız bu matçda qələbə üçün əlindən gələni edəcəklər və iddiamızı daha da təsdiqlədərlər.

Qısaca, bu oyun hər iki komanda üçün vacibdir. Məğlubiyyət hər iki komandaya ciddi təsir edəcək, eləcə də qələbə. Bizim məğlub olmağımız daha acınacaqlı olar. Çünki qrupdan çıxmaq şansımız bir az da azalacaq.  

Düşünürəm ki, bu oyunda millimizdən gözəl məzmunlu oyun görəcəyik və hər birimizi qane edəcək nəticəni qazanacağıq”.

Təcrübəli mütəxəssis oyundan gözlədiyi hesab təxminini də bildirdi:

“Vallah, Norveç və San Marino ilə görüşdəki 1:0 hesablı qələbələr bizi çox sevindirdi. Eləcə də, Çexiya ilə bərabərlik. Ən vacibi odur ki, rəqib qapısına yol tapıb qol vuraq. Qol vurduqdan sonra nəticəmizi qoruya bilək və qapımızı toxunulmaz saxlamağı bacaraq. Yenə deyirəm: məğlubiyyətdən başqa istənilən nəticə bizə sərf edir.

Çox istərdim ki, bu oyunda top buraxmadan qalib gələk. Buna da inanıram. Düşünürəm ki, millimiz 1:0 hesablı qələbə qazanacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43