Premyer Liqa

Vaqif Sadıqov: “Klava 4-cü sarı vərəqə almaqla “Qarabağ”la oyun öncəsi bizi pis vəziyyətdə qoydu”

Topaz Premyer Liqasının 12-ci turunda AZAL səfərdə “Sumqayıt”ın qonağı oldu. Gərgin idman mübarizəsi şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0.

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Növbəti oyunlarda mütləq qələbə qazanıb psixoloji vəziyyətimizi düzəltməliyik. Komanda əlindən gələni etdi, qələbəyə yaxın idik. Yolumuza davam edirik. Komanda üzvlərini fərqləndirmək istəmirəm. Zədəli futbolçular tədricən heyətə dönür. İlk hissədə qol epizodlarımız oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandamızın yarısı yox idi, hücumçusuz oynayırdıq. Bu gün çempionatda autsayder sayıla biləcək komanda yoxdur. “Sumqayıt” “Qəbələ”ni məğlub edib, “Neftçi” və “Xəzər Lənkəran”dan xal alıb. Bugünkü oyunda xal itirdiyimizi düşünürəm. “Sumqayıt” çox yaxşı komandadır, futbolçuları bir çox məşqçilərin diqqət mərkəzindədir. Cinah oyunçularımızı, hücumçu və yarımmüdafiəçilərimizi əvəzləyə bilmərik. İqbekoyi artıq neçənci oyundur ki, hücumçu mövqeyində oynayır. Oskars Klava 4-cü sarı vərəqə almaqla “Qarabağ”la oyun öncəsi bizi pis vəziyyətə qoydu”.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. Qol imkanlarımız az oldu, amma yarada bilərdik. Nəticədən və oyundan razıyam. Komandada qələbə əzmi var idi, sona kimi mübarizə apardılar. Pərdis Fərcad-Azad ötən mövsüm bizə çox kömək elədi, bu mövsüm də ümid edib 90 dəqiqə oynadırıq. Qapıya zərbə endirməsə də, oyunda özünü yaxşı tərəfdən göstərdi. Hücumçu üçün qol imkanını yarımmüdafiə xətti yaratmalıdır. Yarımmüdafiədə sürətli futbolçularımız var, fiziki cəhətdən hazır saydığımız futbolçuları heyətə daxil etdik. Samir Abasov və Aleksandr Çertoqanov birlikdə oynayanda komandamız məğlub olmur. Aqşin Muxtaroğlu çox qaçır, lakin faydalı iş əmsalı aşağıdır. Ötürmələrindən narazıyam, bəzən çox bəsit səhvlər edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43