Ölkə futbolu

VAR olmayan hakimlərimiz

Qəbələdə əsl derbi havasında oyun izlədik. Görüşün erkən qolla başlaması elə ilk başdan qarşılaşmanın həyəcanlı keçəcəyini göstərdi. Ancaq qısa vaxt sonra matçdakı qırmızı vərəqə görüşün bütün seyirini dəyişdi.

Matça sanki bir sıfır geridə başlayan “Kəpəz” bir anda görüşə ortaq oldu. “Turan Tovuz”un 9-cu dəqiqədə azlıqda qalması bəlkə də rahat qazanılacaq mümkün qələbəni əldən verdi.

Oyun boyu mübahisəli qərarlarla yadda qalacaq baş hakim Əli Əliyev bu epizodda da yanlış qərar vermişdi. Epizoda ilk öncə “sarı” göstərən referi VAR-ın müdaxiləsindən sonra qərarını dəyişməyə məcbur qaldı. Faiq Hacıyevin Amil Yunanova sərt müdaxiləsi meydandan qovulmasına səbəb oldu.

Hacıyevin meydanın mərkəzində bu cür ehtiyatsız, qeyri-peşəkar davranması da gözdən qaçmamalıdır. Oyunun 9-cu dəqiqəsi, komanda hesabda öndədir və ortada hər hansı bir hirsə, aqressiyaya qapılacaq bir şey yoxdur. Bilərəkdən edilməməsi vəziyyəti dəyişmir. Sırf bu səhvin ucbatından komandası qələbəni əldən verdi və meydanı xalsız tərk etdi. Peşəkar klubda çıxış edən oyunçular sanki nə peşəkarlıqlarının, nə də gördükləri işin fərqində deyillər. Komandanı belə çətində durumda qoymaq bu qədər asan olmamalıdır.

Matçın baş hakiminə qayıdası olsaq, Əli Əliyevin idarəçiliyi cari mövsümün ən pis hakimliyi idi. Söhbət yalnız verilən-verilməyən “qırmızı”dan getmir. Ümumən oyunu idarəetməkdə çətinlik çəkirdi.

Məsələn, referi ilk hissədə “Turan Tovuz”un cərimə meydançasında Denis Marandiçin Georgi Papunaşviliyə olan müdaxiləsinə tərəddüdlü penalti çaldı. Yəni özü də inanmır qayda pozuntusu olduğuna. 3-4 saniyə geciksə də, təyin edir. Niyə?

Sanki meydana sırf səhv eləmək üçün çıxıb. Referinin epizoda gec reaksiyası belə necə qərarsız, özgüvənsiz olduğunu göstərir. Ardından VAR-ın müdaxiləsindən sonra isə fikrini dəyişdi. Əgər VAR olmasaydı, daha bir nəticəyə təsir edən yanlış qərarla gündəmdə olacaqdı.

Mübahisəli qərarlar ikinci hissədə də davam etdi. “Kəpəz”in futbolçusu Vüsal Məsimovun İsmayıl Zülfüqarlıya kontrolsuz oyunu ən azından VAR-da nəzərdən keçirilməli idi. Çünki bu epizod ilk hissədə Faiq Hacıyevin “qırmızı” gördüyü müdaxiləyə bənzəyir. Ancaq nə baş hakim, nə də VAR hakimləri buna xüsusi diqqət göstərmədi.

Mövsüm başlayandan hakimliklə bağlı problemlər bitmir. Az qala hər matç nəticəyə təsir edən yanlış qərarlar görürük. Üstəlik fərqi yoxdu, təcrübəli, yeni bütün referilər həvəskar səhvlər edirlər. Elə dünənki matçda olduğu kimi. Bu gün Əli Əliyev kimi hakimlərə ancaq həvəskar liqalarda rast gəlinə bilər.

Meydanda futbolçuya üstünlük qura bilmir, verdiyi qərara belə şübhə ilə yanaşır, oyunun nəzarətini itirir. Premyer Liqada belə mənfi xüsusiyyətlərə sahib hakimlərin olması ciddi problemdir. Hamının narazı olmasına baxmayaraq, heç cür həll edilməyən hakimlik probleminin sonu yaxşı görünmür.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43