Ölkə futbolu

Vəli Qasımov: “Heyətdə futbolçu çatışmazlığı var”

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”ya uduzaraq (0:1) mübarizəni dayandıran “Neftçi”nin baş məşqçisi Vəli Qasımov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, Qasımov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

– Rəqibi təbrik edirəm. Düzü, onların qol vuracağını gözləyirdik. Sonrakı dəqiqələrdə meydanda azlıqda qalmağımıza baxmayaraq, hesabı bərabərləşdirmək üçün risk etdik. Amma alınmadı. O ki qaldı Şikova, futbolda belə şeylər olur. Məncə, onu cəzalandırmaq üçün elə bir əsas yoxdu.

– Bu gün yarımmüdafiə xəttində Murad Ağayevi oynatdınız. Onun səhvləri kifayət qədər çox oldu…
– Heyətdə futbolçu çatışmazlığı var. Orta xətdə oyunçularımız çox azdı. Ehtiyatda oturanların dördü müdafiəçi idi. Seleksiya işini davam etdiririk.
– Bu gün bir neçə dəfə hakimlərə sərt etiraz etdiniz. Hakimliyi necə dəyərləndirirsiniz?
– Bəzi mübahisəli epizodlar oldu. Məncə, səhvlər var idi. Ona görə də, bir neçə dəfə qışqıraraq etiraz etdim.
– Cavid İmamverdiyev son dəqiqədə bir neçə metrdən qapını nişan ala bilmədi. Düşünmürsünüzmü ki, peşəkar futbolçu belə etməməlidi?
– Cavid “Neftçi”nin oyunçusudu və həmin epizodda qol vursaydı, bu gün hamı onu qəhrəman kimi görəcəkdi. Ümumiyyətlə, kifayət qədər qol vurmaq şansı əldə etdik, amma dəyərləndirə bilmədik. 

– Sizə elə gəlmir ki, cütün taleyi ilk oyunda həll olunmuşdu?
– Mən bu fikirlə tam razı deyiləm. Bakıdakı oyunda hər iki komanda qol buraxmamağa çalışırdı. Burada da əsas məqsədimiz bu idi. Lakin ilk yarıda qapımızı toxunulmaz saxlaya bilmədik. Fasilədən sonra irəli atıldıq. Hətta Şikovun qovulmasından sonra da riskə getdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43