Kateqoriyasız

Vəziyyətə görə dəyişən jest (YAZI)

Ötən gün keçirilən “İnter”-“Qarabağ” oyununda kifayət qədər rezonans doğuran hadisə qeydə alınıb. Oyunun sonlarında “Qarabağ”ın lehinə növbəti dəfə penalti verilib. Penaltinin haqqsız oldugunu düşünən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov penaltini yerinə yetirməyə hazırlaşan Elvin Məmmədova kənara vurması üçün göstəriş verib. Elvin də penaltini qəsdən kənara vurub.

Elə bu hadisə artıq dünəndən hamının danışıb, müzakirə etdiyi məsələyə çevirilib. Kimiləri bunu Qurbanovun möhtəşəm jesti, kimiləri də rəqibə hörmətsizlik kimi qələmə verir.

Cari mövsümdə ən çox penalti vuran “Qarabağ”ın “İnter”lə matçda növbəti “hədiyyə”dən yararlanmaqdan boyun qaçırtması bilavasitə “İnter”ə qarşı hörmətsizlikdi. Niyə? Çox sadə…

Görən görüb, görməyənlər də baxsınlar ki, həmin epizodda penalti yox idi. Yəni hazır “halva”. Penaltiyə kimi hesab 0:1 “Qarabağ”ın xeyrinə idi. Yəni “köhlən atlar” 90+4-də təyin olunan penaltini vurmasa belə 3 xalı qazanacaqdı. Ancaq Qurbanov haqsız yerə təyin olunan penaltinin yerinə yetirilməməsini, daha doğrusu qol olmamasının göstərişini verib. Və Elvin Məmmədov topu çölə vurur.

Burada hansı “fair-play”dan danışmaq olar? Əgər penaltinin haqsız olduğunu düşünürdünüzsə o zaman topu çölə vurmağa ehtiyac yoxdu. Elə futbolçulardan biri hakimə yaxınlaşıb “orada penalti yox idi” – deməklə, referini fikrindən daşındıra bilərdi. Hər halda dünya futbolunda bu kimi hallara az rast gəlməmişik. Ancaq onlar bunu etmədi.

Məsələnin digər tərəfi, əgər hesab “0-0” olsaydı Qurbanov yenə də bu addımı atacaqdımı?! Təbii ki, yox! Çox uzağa getmədən “Qarabağ”ın “Neftçi” ilə ev oyununa toxunaq. Öz meydanında geridə olan “Qarabağ” yaxşı günlərini keçirtməyən “Neftçi”dən məhz belə haqqsız penalti nəticəsində 1 xal almadı? Axı Qurbanov dünənki matçdan sonra “bizə belə qələbə lazım deyil” sözləri ilə çıxmışdı mətbuatın qarşısına. Əgər doğurdanda belədirsə niyə bunu “Neftçi” ilə oyunda etmədi? Deməli doğruluq məsələsi vəziyyətə görə dəyişirmiş.

Qurbanovun futbol savadına, məşqçilik qabiliyyətinə heç kimin şübhəsi yoxdur. Ancaq indi durum fərqlidi. Bunun adı böyük jest yox, böyük hörmətsizlikdi. İlk dəfə idi ki, tirubunadakı “Qurban, Qurban” sədaları ilə razılaşmadıq. Çünki atılan addım inandırıcı gəlmədi. Sanki şou görüntüsü verirdi.

İstənilən halda ortalıqda rəqibə qarşı hörmətsizlik var. Topu “Azərsun”un yağ fabrikinə vurmaqla “fair-play” olmur. Penaltini normal şəkildə yerinə yetir, haqsız olduğunu düşünürsənsə bir qol burax. Bu qədər bəsit…

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43