Ölkə futbolu

Viktor İqbekoyi gürcüstanlıların gerisində

Azərbaycan Premyer Liqasının IV turu “Zirə”nin futbolçusu Viktor İqbekoyi üçün əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə,  “Qəbələ” ilə səfər matçında hesabı açan nigeriyalı Azərbaycan çempionatlarında yubiley qolunu vurub. Bu, Viktorun 50-ci qolu kimi tarixə düşüb. Afrikalı legioner “100”ü özünün 273-cü oyununda yarılayıb.

İqbekoyi Azərbaycan çempionatlarında 50 və daha çox qol vuran 35-ci futbolçudur. Onadək yalnız iki legioner bunu bacardığından nigeriyalı 3-cü əcnəbidir. Legionerlərdən yalnız gürcüstanlılar Badri Kvaratsxeliya və Georgi Adamiya Viktoru qabaqlayır.

2006/07 mövsümündən Azərbaycanda çıxış edən nigeriyalı 50 qolu 4 komandanın heyətində vurub. “Turan”da 16, “Qarabağ”da 6, AZAL-da 23 qol vuran afrikalı indiki klubunda 5-ci dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” oyunu 1:1 hesabı ilə nəticələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43