Premyer Liqa

Vurğun Hüseynov “Sumqayıt”ın üçüncüsü oldu

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov komandasının heyətində 100-cü çempionat matçını keçirib.

İdmanxeber.com-un məlumatına görə, müdafiəçinin yubileyi Topaz Premyer Liqasının XVI turunun “İnter”lə qarşılaşmasına təsadüf edib. 2:2 hesabı ilə nəticələnən görüş “3 nömrə”nin klubunda 100-cü matçı olub. Müdafiəçi bu 100 qarşılaşmada qol hesabını aça bilməyib.

2013/14 mövsümündən “Sumqayıt”da çıxış edən Hüseynov həmin çempionatda 22, növbəti yarışda 29 dəfə komandasının formasını geyinib. 2015/16 mövsümündə isə 33 görüşə çıxan futbolçu cari birincilikdə 16 dəfə meydanda olub. Hüseynov klubun tarixində çempionatda 100 və daha çox oyun keçirən 3-cü futbolçudur. O, yalnız Slavik Alxasov (126) və Bəxtiyar Həsənəlizadədən (105) geri qalır.

Xatırladaq ki, Vurğunun Sumqayıtın eyniadlı klubunda debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43