06 Sentyabr 2024
Ölkə futbolu

Xatırlatma!

Azərbaycan futbolunda bəlkə də ən çox tənqid edilən klub “Səbail”di. Yaxın keçmişə nəzər salsaq, paytaxt təmsilçisi barədə yüzlərlə mənfi yazılar, xəbərlər dərc edildiyinin şahidi olarıq. Bu klubun adı daima xoş olmayan mövzularda hallanır, onlara qarşı heç də müsbət fikirlər səslənmir.

Bu tənqidlər karvanına zaman-zaman biz də qoşulmuşuq. Hər zaman olduğu kimi, inandığımız həqiqətləri yazmış, doğru bildiklərimizi açık şəkildə bəyan etmişik. Və qələmə aldığımız yazılarda heç vaxt qərəz, kin olmayıb. Səhvi ilə, düzü ilə hər zaman inandıqlarımızı yazmışıq.

Maraqlıdır ki, klubun ən çox tənqid edildiyi mövzular akademiyanın düzgün işləməməsi, uşaq futbolu, sistemsizlik və s. kimi məsələlərdir. Hərçənd, sadalalan bu vacib məqamlarda “Qəbələ” istisna digər klubların da dağı-dağ üstünə qoyduğunu görməmişik. Ziddinə gedəsi olsaq, Azərbaycan futbolunun ən yaralı yeri yalnız “Səbail”də yox, digər komandalarımızda da ciddi şəkildə axsayır. Daha az gündəmə gəlmələri, daha çox iş görmələrindən deyil. Əksi olsaydı, bu gün azərbaycanlı məşqçilər yerli futbolçu axtarışında olmazlardı.

Son iki ildə “Səbail”də ciddi dəyişikliklər baş verdi. Klubun əsas postlarından birinə – icraçı direktor vəzifəsinə Firuz Abdulla gətirildi. Bu təyinat şəxsən mənim kluba baxış bucağımı dəyişdi. Çünki Firuz bəy əsl bu sahənin adamıdı. Böyük təcrübəsi, dünya görüşü, intellektual səviyyəsi və ən əsası bu camiədə oturub rahatlıqla söhbət edəcəyin, nəsə öyrənəcəyin tək-tük adamlardan biridi. Kimsə əksini düşünə bilər, başqa fikirdə ola bilər, amma bu, reallığı dəyişmir. Klublarımızda bu cür adamların iş başında olması şəxsən mənim üçün xoşdu. Çünki Azərbaycan futbolu sahəyə nabələd adamlardan çox şey çəkib. Bu sahədə nə bacarıqsızlar təriflənib, kimlər üçün nə təriflər döşənib….

Mənə görə, bu səviyyədə adamlar toxunulmazdı. Ona görə yox ki, onlar qüsursuz və səhvsizdi. Xeyr. Ona görə ki, səviyyələri var. Əyri deyillər, tamahkar deyillər, öz prinsipləri olur. Elə onun klubda ətrafına topladığı şəxslər də eynən özü kimi – sağlam adamlardı.

Bəli, bu gün “Səbail”də işlər yaxşı deyil. Ən azından mən gözlədiyim kimi getmir. Burada rəhbərliyin səhvləri olsa da, onların bacarmadıqlarını heç vaxt dilə gətirmərəm. Çünki belə adamlar da bacarmayacaqsa, kim bacaracaq? Yəni daha yaxşısımı var? Heç kimin xətrinə dəyməsin, bu sahədə ikinci bir Firuz Abdulla yoxdu. Görməmişəm. O, bu sahəni təpədən-dırnağa bilən tək-tük futbol adamlarından biridi.

Bəlkə biz tələsirik, bəlkə də “Səbail” yavaş irəliləyir. Amma işlərin yaxşı getmədiyi ortadadı. Büdcənin azalması, heyətin zəifləməsi “Səbail” üçün növbəti mövsümün çətin keçəcəyini göstərir. Təbii ki, əksi də ola bilər. Məsələn, ötən mövsüm klubun boyununa qoyduğumuz avrokubok iddiası bu səfər olmayacaq. İnanmıram bu mövsüm kimsə “dənizçilər”dən belə iddia tələb etsin/gözləsin. Bəlkə də bu, klubu rahatladacaq və rahat şəkildə mübarizə aparmağına səbəb olacaq.

P.S Yazı Firuz Abdullanın şəninə tərif deyil. Bu səviyyədə adamların nə belə gözləntiləri olur, nə də buna ehtiyacları. Sadəcə, inandığımız adamları daha da uğurlu görmək istəyirik. Ki, çörəyi çörəkçiyə verməyin doğru olduğunun əyani sübutu olsun.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43