Ölkə futbolu

Xəbərimiz təsdiqləndi: Avropa Liqasının ilk 2 mərhələsi Qəbələdə!

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" ev oyunlarını doğma azarkeşləri önündə keçirəcəyi ilə bağlı sizə öncədən də xəbər vermişdik.

İdmanxeber.com-un özəl xəbəri (http://idmanxeber.com/xeber/10872/) artıq təsdiqini tapıb.

UEFA "Qəbələ" klubunun Avropa Liqasında ilk 2 təsnifat mərhələsindəki ev oyunlarını öz meydanında keçirməsinə icazə verib. Sportnet.az-ın AFFA-ya yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Avropa futbol qurumunun ekspertləri Qəbələ şəhər stadionunda beynəlxalq oyunlar keçirməyin mümkünlüyünə dair rəy veriblər.

Bununla yanaşı, gələn ay keçiriləcək oyunlaradək stadiondakı bəzi çatışmazlıqların, xüsusən, işıqlandırma sistemi ilə bağlı problemin aradan qaldırılması da tövsiyə olunub. "Qəbələ" ilk 2 mərhələni keçəcəyi halda, növbəti rəqibini və ya rəqiblərini ehtiyat arena kimi göstərdiyi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməlidir. Çünki UEFA Qəbələ şəhər stadionunun yalnız ilk 2 mərhələdəki oyunları keçirməyə əlverişli olduğu qənaətinə gəlib.

Qeyd edək ki, Avropa Liqasının ilk 2 mərhələsinin püşkü iyunun 23-də atılacaq. I təsnifat mərhələsinin oyunları iyulun 3-də və 10-da, II təsnifat mərhələsindəki qarşılaşmalar isə iyulun 17-də və 24-də olacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43