UEFA tərəfindən “Xəzər Lənkəran” üçün ayrılan məbləğ klubun hesabına köçürülüb.
İdmanxeber.com-un məlumatına görə, üzvləri milli komandalarda çıxış edən cənublular 120 min 583,68 avro qazanıb.
Yığmalarda çıxış edən futbolçulara görə klublara ödənilməsi üçün vəsait xeyli əvvəl AFFA-nın hesabına köçürülmüşdü. Lakin UEFA tərəfindən ayrılmış vəsaitlə bağlı AFFA tərəfindən UEFA-ya sorğu göndərilmiş və burada “Xəzər Lənkəran” klubunun ödənişi ilə əlaqədar UEFA-nın tövsiyəsinə ehtiyac duyulduğu əksini tapmışdı.
Artıq UEFA sorğunu cavablandırıb. AÇ-2016-nın seçmə mərhələsində “Xəzər Lənkəran”a məxsus futbolçuların millidə çıxışına görə ayrılan məbləğ UEFA-nın tövsiyəsinə əsasən müvafiq qaydada AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Eyni zamanda, “Xəzər Lənkəran” klubu AFFA və PFL-ə olan borcunu ödəyəcək.
Qeyd edək ki, bir neçə gün öncə uşaq futbolu ilə bağlı 51 min 104 avro da klubun hesabına köçürülmüşdü.