Kateqoriyasız

“Xəzər Lənkəran” futbol klubunun tarixi və inkişaf perspektivləri” (YAZI)

Müstəqil Azərbaycanda futbol üzrə çempionat 1992-ci ildən keçirilsə də, əsas dirçəliş 2004-cü ildə oldu. Birdən-birə çempionatda komandaların sayı 18-ə qalxdı və maraqlısı çempionatda debutant olan komandaların çoxunun çempionluğa iddialı olması idi. Bu yazı da elə həmin komandalardan biri – Lənkəranın “Xəzər Lənkəran” komandası haqqındadır. Sual oluna bilər – niyə “Xəzər Lənkəran”? Cavab sadədir – axı, bu il klubun 10 yaşı tamam olur.

Əslində “Xəzər Lənkəran”ın tarixi, uğurları, çətin günləri haqda yazılası çox mövzu var. Lakin kənardan bunları müşahidə edən bir jurnalist kimi özüm fikir yürütməyi məsləhət bilmədim. Məncə, həmin yaxşı və pis günləri komanda ilə birgə olmuş insanlardan eşitmək daha yaxşı olar.

“Xəzər Lənkəran” yarandığı ilk gündən bu komandanın hər çətinliyini çəkən direktor Höccət Hacıyev “Xəzər Lənkəran” yaradılmamışdan əvvəl Azərbaycan futbolu ilə maraqlanmadıqlarını bildirdi. Klub təsis olunduqdan sonra bu komanda ilə nəfəs aldıqlarını söyləyən həmsöhbətim “Xəzər Lənkəran”ın yaranmasının Azərbaycan futboluna xüsusi bir rəng qatdığını, ölkə çempionatında əsl rəqabətin yarandığını da söylədi: “Digər komandalarla müqayisədə “Xəzər Lənkəran”ın bir çox üstünlükləri var. Onlardan birincisi azarkeşlərimizdir. Komanda yarandığı gündən iddiasını ortaya qoydu. Bunun nəticəsi olaraq bir dəfə ölkə çempionu, üç dəfə Azərbaycan çempionatının gümüş mükafatçısı oldu, üç dəfə ölkə kubokunu və Superkobu qazandı, “Birlik kuboku”nu Azərbaycana gətirdi. Bu nailiyyətlər 10 illik qısa zaman kəsiyində əldə olunub. Sözsüz ki, hər komandanın yüksəlişi olduğu kimi, enişli günləri də var. Enişli günlərimiz bizi çox üzüb. Ancaq qazanılan hər qələbə bizə pis günləri unutdura bilib”.
Höccət müəllim bu gün “Xəzər Lənkəran” sayəsində bölgədə hamının futbolla yaşadığını da deyir: “Bayaq “Xəzər Lənkəran”ın zəfərlərindən danışdım. Amma ən böyük qələbəmiz azarkeşlərin sevgisini qazanmaqdır. Düşünürəm ki, “Xəzər Lənkəran” bu 10 ildə minlərlə insanın qəlbini fəth edə bilib”.

Geridə qalan müddətdə komanda həmişə heyətinə cəlb etdiyi futbolçular və tanınmış məşqçilərlə gündəmə gəlməyi bacarıb. İstənilən səviyyəli futbolçu və ya məşqçini komandaya cəlb etməkdə heç bir maddi sıxıntı yaşamayan klubda indiyə kimi Rasim Kara, Con Toşak, Mustafa Dənizli kimi məşqçilər, adlı-sanlı futbolçular çıxış ediblər. Azərbaycan çempionatında debüt etdiyi 2004/05-ci il mövsümündə “Xəzər Lənkəran” Rasim Karanın rəhbərliyi altında heç kimin yeni yaranmış komandadan gözləmədiyi nailiyyəti əldə etdi. Yekunda “Neftçi” ilə eyni xal və top fərqinə sahib oldu. Çempionat başa çatsa da, çempion bəlli deyildi və möhtəşəm “Qızıl oyun” keçirildi. Gəncə şəhər stadionunda baş tutan həmin matç “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. Bu məğlubiyyət “Xəzər Lənkəran”ı çempionluqdan etsə də, debüt ilində qazanılan gümüş medallar 1 yaşlı “körpə” üçün çempioluqdan da artıq idi. Məhz bu oyundan sonra futbolumuza əlavə rəng qatan “Xəzər Lənkəran” – “Neftçi” rəqabəti başladı.

Həmin mövsümün və “Qızıl oyun”un qəhrəmanları “Xəzər Lənkəran”ın futbolçuları idi. Samir Əliyev-Oqtay Dərəlioğlu tandemi istənilən rəqib üçün kabusa çevrilmişdi. Bunun nəticəsi kimi mövsümün sonunda ən sərrast futbolçuların siyahısında Samir Əliyev 20 qolla ikinci, Oqtay Dərəlioğlu isə 17 qolla dördüncü pillədə qərarlaşmışdı.
Samir Əliyev həmin günləri və komandaya gəlişini belə xatırlayır: “Xəzər Lənkəran” yarananda baş məşqçi Nazim Süleymanov idi. Həmin vaxt Rusiyanın 1-ci Divizionunda çıxış edən “Uralan”da oynayırdım. Bakıda olarkən Nazim müəllim məni komandaya dəvət elədi, etiraz etmədim. Həmin il çempionatın iddialı komandası “Neftçi” idi. Lakin yeni yaranmasına baxmayaraq “Xəzər Lənkəran” “Neftçi” ilə mübarizə apardı və nəticədə çempion “Qızıl oyun”dan sonra məlum oldu. Gözəl mövsüm keçirmişdik, xoş xatirələrim var. “Xəzər Lənkəran”ın heyəti də çox güclü idi. Oqtay Dərəlioğlu ilə bir-birimizi əla başa düşürdük. Mövsümün sonunda da, adımız bombardır siyahısında idi. Komanda yarandığı ilk ildən iddiasını ortaya qoya bildi. Növbəti illərdə istəyinə çatdı – çempion oldu, kuboku qazandı. Hətta “Birlik Kuboku”nun da qalibi oldu. “Xəzər Lənkəran” istər oyunu, istərsə də azarkeş ordusu ilə Azərbaycan futboluna rəng qatdı. Görünməmiş bir hal yaranmışdı – “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyununa istər Lənkəranda, istərsə də Bakıda 25-30 min azarkeş gəlirdi. Bunun özü də böyük bir nailiyyətdir”.

Növbəti mövsüm “Xəzər Lənkəran” üçün uğurlu keçməsə də, bir il sonra nələr etmədilər? Azərbaycanın ən tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadovun rəhbərliyi altında “ağ yaşıllar “Qızlı dubl”a, “Birlik kuboku”nu Azərbaycana gətirməklə isə “het-trik”ə imza atdılar. 2 yaşlı komandadan bundan artığını gözləmək olmazdı.

Komanda 2007/08-ci il mövsümündə də əliboş qalmadı. Ölkə kubokunu ikinci dəfə muzeyinə aparan lənkəranlıların zəfərlərinin memarı Ağasəlim Mircavadovun fikirlərini öyrənməmək olmazdı: “Xəzər Lənkəran” yarandığı ildən ingilab etdi. Klubun fəxri prezidenti Mübariz Mənsimov Avropa standartlarına cavab verən stadion inşa etdirdi, uşaq futbol məktəbi yaradıldı. Onun sayəsində cənub bölgəsinin futbolunda islahatlar aparıldı. Komanda isə Azərbaycan futboluna rəng qatdı. Gərginlik, mübarizə, “Böyük oyun”… bunları Azərbaycan futboluna qazandırdı. Lənkəranda işlədiyim üç il xoş təəsuratlarla zəngin oldu. Şəhərin mehriban insanları, komandanı sevən azarkeşləri var. Hətta elə fanatlarla rastlaşmışdım ki, “Xəzər Lənkəran”ı hətta ailələrindən belə artıq sevirdilər. Komandanın məşqini 2-3 min azarkeş izləyərdi. Bu, mənə 60–cı illərin Bakısını xatırladırdı. O vaxtlar “Neftçi”nin oyununa 3-4 gün qalmiş şəhərdə, işdə hər kəs futboldan danışardı. Oyun bitdikdən sonra isə 3-4 gün həmin oyunun müzakirələri gedərdi. O vaxtkı ab-havanı illər sonra Lənkəranda gördüm. Azarkeşlər oyuna 4-5 gün qalmış bazarda, küçədə, çayxanada bir sözlə hər yerdə oyun haqda fikirlər yürüdürdülür, oyundan sonra isə təəsuratlarını bölüşürdülər.
“Xəzər Lənkəran”da qələbələr də oldu, uğursuzluqlar da. Ancaq əsas hədəflərə çata bildik. Çempion olduq, iki dəfə kuboku qazandıq, üstəlik “Birlik kuboku”nu da Lənkərana gətirdik. Ən böyük hədəf Avropadı. “Xəzər lənkəran”a Avropa səhnəsində uğurlar arzu edirəm. Çünki klub, rəhbərlik, azarkeşlər buna layiqdilər”.

Növbəti uğuru bir qədər gözləmək lazım gəldi. 2010/11 ci il mövsümündə komanda Mirça Rednikin rəhbərliyi ilə yenidən kuboku qazandı. Təəssüf ki, ölkə birinciliyi və Azərbaycan Kubokunda uğurlar yetərincə olsa da, Avropa da çıxış o qədər ürək açan deyil. Çətin keçən titulsuz mövsümlər də oldu, ancaq “Xəzər Lənkəran” azarkeşləri heç vaxt komandadan vaz keçmədilər və həmişə sevimli komandalarına dəstək oldular. Bəlkə də bu sevgiyə görədir ki, “Xəzər Lənkəran” indi də azarkeş sayı baxımından liderliyini qoruyur. Komandanın bir qrup azarkeşini özündə cəmləyən “Caspian Ultras” fan-klubunun rəhbəri Ramal Novruzov “Xəzər Lənkəran” onun həyatında ilk sevgisi olduğunu deyir. Yarandığı gündən bu komandaya azarkeşlik edən Ramal bəyin fikrincə, “Xəzər Lənkəran” yaranmasaydı futbolumuzda rəqabət heç vaxt olmayacaqdı: “Azərbaycan futboluna ən böyük azarkeş toplusunu, Oqtay Dərəlioğlu, İvan Svetkov, Julius Vobay, Mirça Rednik, Con Toşak, Mustafa Dənizli kimi adları “Xəzər Lənkəran” bəxş edib. Biz azarkeşlər daim komandamızı sevib, hər anında yanında olmuşuq. İnşallah bu sevgi uzun ömürlü olar. Nəinki 10, 100 illik yubileyi də birgə qeyd edərik”.

“Xəzər Lənkəran” keçən 10 ildə futbolumuza bir çox istedadlar bəxş etməklə yanaşı gənc futbolçular üçün də bir məktəb olub. Bu gün Orxan Sadıqlı, Kamran Abdullazadə, Kazım Kazımlı, Elnur Cəfərov kimi gənclərə özlərini göstərmək imkanı qazandıran klub ən vacib matçlarda belə bu gənc, təcrübəsiz futbolçulara şans verib, onlara güvənib. Bu isə “Xəzər Lənkəran” üçün nəticə ilə yanaşı, futbolçu yetişdirməyin də vacib amillərdən biri olduğuna sübutdur”.

“Xəzər Lənkəran”dan danışasan, amma “Böyük oyun”a toxunmayasan. Bu, qəbul olunan hal deyil. Artıq 10 ildir ki, “Xəzər Lənkəran”-“Neftçi” oyunu Azərbaycan çempionatının rəmzinə çevrilib. Hətta matçın nəticəsinin heç bir əhəmiyyəti olmasa belə, bu komandalar arasındakı qarşılaşmalar həmişə futbol ictimaiyyəti tərəfindən maraqla gözlənilir.

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun “Xəzər Lənkəran” haqda fikirləri: “2003-cü ildən başlayaraq futbola dövlət səviyyəsində qayğı göstərilməyə, sponsorlar cəlb olunmağa başlanıldı. 90-cı illərdə müharibə şəraitində yaşayan dövlətdə, dolanışığın çətin olduğu dövrlərdə bu baxımdan xeyli problemlər vardı. 2003-cü ildən sonra ölkəmizin rifahında olduğu kimi, futbolumuzda da dirçəliş hiss olunmağa başladı. Mübariz Mənsimovun “Xəzər Lənkəran”ı himayəsinə götürməsi Azərbaycan futboluna marağı xeyli artırdı. Onun təşəbbüsü və maliyyə dəstəyi ilə “Fırtınalar meydanı” adlanan möhtəşəm stadion inşa olundu və dünya futbolunda sayılıb seçilən məşqçilər, futbolçular komandaya cəlb olundu, 10 ildə “Böyük oyun” adlanan “Neftçi” – “Xəzər Lənkəran” rəqabəti yarandı. Bu gün Azərbaycan çempionatını “Xəzər Lənkəran”sız təsəvvür etmək mümkün deyil. “Xəzər Lənkəran”ı möhtəşəm göstərən başqa məqam da var – azarkeşlər. Uğurlarına gəlincə, çempionluq, kubok, superkubok, “Birlik kuboku”. Fikrimcə, bunlar 10 il üçün az nailiyyət hesab olunmamalıdı. Ümid edirəm və arzulayıram ki, yaxın illərdə bu komandanı Çempionlar Liqası, Avroliqa kimi mötəbər yarışların qrup mərhələsində görəcəyik”.

Uzun fasilədən sonra ötən il Peşəkar Futbol Liqası Superkubok oyununun keçirilməsi ilə bağlı qərar qəbul etdi. Ötən mövsümün yekununa görə “Neftçi” “qızıl dubl” etdiyindən Superkobokda onların rəqibi kubokun finalçısı olan “Xəzər Lənkəran” idi. Naxcıvanda baş tutan həmin qarşılaşmada qələbə qazanmaq lənkəranlılar üçün vacib idi. Qələbə sayəsində kubokun finalındakı məğlubiyyət unudulacaq, eyni zamanda komanda əsas rəqibindən qisas almış olacaqdı. Lənkəranlılar bunu bacardılar və tarixlərində ilk dəfə Azərbaycan Superkubokuna sahib çıxdılar.

Yazının əvvəlində qeyd etdiyim kimi, “Xəzər Lənkəran”ın yaxşı günləri ilə yanaşı çətin günləri də çox olub. Lakin tək futbolun yox, həyatın gedişatı belədi. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Xəzər Lənkəran”da zamanla hər şeyi düzələcəyinə inanır: “Türkiyə futboluna “Fənərbağça” və “Qalatasaray”, İspaniyada “Real Madrid” və “Barselona” rəqabəti nə qədər yaraşıq verirsə, Azərbaycan futbolu da “Xəzər Lənkəran” və”Neftçi”nin sayəsində bir o qədər sevilir. “Xəzər Lənəkəran” keçən 10 ildə Azərbaycan futboluna bəzək verdi. Nailiyyətlərə diqqət yetirəndə isə nəticəni qənaətbəxş hesab edirəm. Hərçənd, bəziləri bu gün “Xəzər Lənkəran” adınalayiq oyun göstərmədiyi fikrindədilər. Amma hər şeyin zamana ehtiyacı var. Fikrimcə, qısa müddətdən sonra “Xəzər Lənkəran” yenə də əvvəlki səviyyəsinə, ondan daha da artığına nail ola biləcək”.

Röya Kərimli-pressing.az

Yazı İdman Araşdırmalar Mərkəzinin “Xəzər Lənkəran” futbol klubunun 10 illik yubileyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim etmək üçündür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43