Kateqoriyasız

“Xəzər Lənkəran” “Nar Mobile” ilə müqavilə bağladı

“Xəzər Lənkəran” Futbol Klubu MMC və “Nar Mobile” ticarət nişanı ilə fəaliyyət göstərən “Azerfon” şirkəti arasında ikiillik korporativ tərəfdaşlıq müqaviləsi imzalanıb. 

İdmanxeber.com-un məlumatına görə,1 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmiş razılaşmaya əsasən, tərəflər öz üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürüblər. Eyni zamanda şirkətlər arasında ayrıca sponsorluq müqaviləsi də imzalanıb ki, bu müqavilə də “Azerfon” şirkətinin “Xəzər Lənkəran” Futbol Klubunun iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə klubun rəsmi tərəfdaşı olacağını təsdiq edir.

“Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, “Xəzər Lənkəran” Futbol Klubunun və ümumilikdə “Palmali” Şirkətlər Qrupunun fəaliyyətini yüksək qiymətləndirib. Son illər “Nar Mobile” mobil operatorunun nəzərə çarpacaq uğurlara imza atdiğını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq “Azerfon” ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğulayıb.

Öz növbəsində, “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov qeyd etdi ki, sözügedən müqavilələrin imzalanması tərəflər arasında uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. “Azerfon“ şirkəti və “Xəzər Lənkəran” FK arasında sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirilib ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə “Nar Mobile” mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43