Premyer Liqa

“Xəzər Lənkəran” – “Neftçi” oyununda başverənlər Azərbaycan futbolu üçün böyük zərərdi”

Sabah “Bakı” Azərbaycan Premyer Liqanın 21-ci turu çərçivəsində doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. Oyunöncəsi son məşqini keçirən "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:

“Əlbəttə, çox çətin qarşılaşma olacaq. Bunu qəbul edib, ciddi hazırlaşırıq. Nəticədə azarkeşlər maraqlı mübarizəyə şahidlik edəcəklər. Sabahkı oyunda heç bir komandanı favorit saymaq olmaz. Hər iki kollektivin çox güclü heyəti var. Statistikaya əsasən daxili çempionatda “Bakı”nın “Neftçi”ni ən böyük hesabla 5:1 və 3:0 yenməsi keçmişdə qaldı, bu günlə yaşamaq lazımdı. “Neftçi”nin bəzi aparıcı futbolçuları bizə qarşı oynamasa da, onlar yenə meydana 11 nəfərlə çıxacaq. Hər biri də “Bakı”ya qarşı daim döyüşməyə hazırdı. Bütün bunlar o demək deyil ki, nədənsə qorxuruq. Əksinə, meydana 3 xal üçün çıxacağıq. Bundan əvvəl televiziyada dumanlı görünən “Xəzər Lənkəran” – “Neftçi” görüşünü izlədim. Hərçənd mübarizəni daha aydın görə bilmədim. Amma orda başverənlər Azərbaycan futbolu üçün böyük zərərdi. Bu gün daxili çempionat tədricən inkişaf edir. Belə hallar isə bu inkişafa xələl gətirir. “Bakı”ya gəlincə, mən elə bir komanda yaratmışam ki, bu, əsl idman kollektividi və bu kimi hallardan qaçırıq. Oyunçularım xoşagəlməz hallara yol verməz. Bura dava-qırğına yox, futbol oynamağa gəlmişik. Azərbaycan elə bir yerdi ki, yeni-yeni istedadlı futbolçular üzə çıxır. Biz məhz onların inkişafına dəstək verməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43