Ölkə futbolu

“Xəzər Lənkəran” tarixində 550-ci qol – VİDEO

“Xəzər Lənkəran” tarixində 550-ci qolu vurub.

Bu, Topaz Premyer Liqasının VII turunun AZAL-la qarşılaşmasına təsadüf edib. Oyunda “ağ-yaşıllar”ın ikinci qoluna imza atan Junior Nildo klub tarixində 550-ci topun müəllifi kimi fərqlənib.

2004-cü ildə yaranan komanda 550-ci qolunu 354-cü matçında vurub.

Yubiley qolundan sonra daha 1 dəfə rəqib qapısına yol tapan Nildo bu rəqəmi 551-ə çatdırıb. Bu qollardan 404-ü Premyer Liqada, 120-si Azərbaycan kuboku, 14-ü avrokuboklar, 13-ü “Birlik Kuboku”nda qeydə alınıb.

Maraqlıdır ki, ardıcıl 3-cü dəfədir yubiley qolu sentyabr ayına təsadüf edir. 450-ci və 500-cü qollar son 2 ilin sentyabrında vurulmuşdu.

2004/05 mövsümündə çempionata təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda “MKT-Araz”la nəticəsi ləğv olunan oyunlar və penaltilər seriyaları nəzər alınmamaqla artıq 551 dəfə fərqlənən “Xəzər Lənkəran”ın son matçı 2 ilklə də əlamətdar oldu.

AZAL-la matçda hesabı açan Deyvid Sakkoni klub tarixində qol sevinci yaşayan 84-cü futbolçu kimi tarixə düşdü. “Ağ-yaşıl” formada ilk dubluna imza atan Nildo isə bunu bacaran 37-ci “Xəzər Lənkəran”lı oldu. Bu 37 futbolçu ümumilikdə 68 dəfə 1 oyuna 2 qol vurub.

Qeyd edək ki, cənub təmsilçisi ötən tur Premyer Liqa oyunlarında yubiley – 400-cü qolunu vurmuşdu.

lankaranfc.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43