Premyer Liqa

“Xəzər Lənkəran”dan yeni rekord!

Topaz Premyer Liqasının IV turu mövsümün yeni rekordu ilə əlamətdar olub. Cari çempionatın ən çox tamaşaçı toplayan qarşılaşması hesabat turuna təsadüf edib.

Belə ki, “Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilən qarşılaşmanı stadiondan 10000 azarkeş izləyib.

Cari mövsümdə ilk dəfə seyrçi sayı 5 rəqəmlə ifadə olunub. “Böyük oyun”da qeydə alınan bu rekord əvvəlki göstəricidən 3000 nəfər çoxdur. Həmin nəticə də məhz Lənkəran şəhər stadionunda qeydə alınmışdı. “Xəzər Lənkəran”ın ilk ev oyununda “Simurq”la qarşılaşmanı 7000 tamaşaçı izləmişdi.

İlk 2 pillədə “Xəzər Lənkəran”ın ev oyunlarıdırsa, növbəti 2 pilləni “Sumqayıt” “zəbt edib”. “Gənclik şəhəri” təmsilçisinin “Qəbələ” ilə III turdakı oyununu 6000, “Xəzər Lənkəran”la I turdakı matçını isə 5000 tamaşaçı izləmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43