Ölkə futbolu

“Xəzər Lənkəran”ın 6-cı, Toşakın 20-ci titulu

“Xəzər Lənkəran” tarixinin 6-cı titulunu qazanıb. 2004-cü ildə yaranan komanda 9 il ərzində sayca 6-cı olan mükafatını ilk dəfə qatıldığı Azərbaycan Superkubokunda əldə edib. “Ağ-yaşıllar” 4-cü Superkuboka “Neftçi”ni 2:1 hesabı ilə məğlub etməklə sahib çıxıb.

Bununla da Con Toşakın yetirmələri 883 günlük titul həsrətinə son qoyub. 2011-ci il mayın 24-də Azərbaycan kubokunun finalında “İnter”i məğlub etməklə mükafatı başı üzərinə qaldıran “Xəzər Lənkəran” həmin vaxtdan qalib adını qazanmırdı.

Komandanın baş məşqçisi Con Toşak cənub təmsilçisini titula daşıyan 3-cü çalışdırıcıdır. Uelsli mütəxəssisədək ilk 4 uğura Ağasəlim Mircavadovun rəhbərliyi altında çatan “ağ-yaşıllar” 2 il əvvəl kuboku rumıniyalı Mirça Redniklə əldə etmişdi. “Xəzər Lənkəran” 6 mükafatını 4 müxtəlif yarışda – 1 dəfə çempionat, 3 dəfə kubok, 1 dəfə Superkubok və 1 dəfə Birlik kubokunda qazanıb.

“Xəzər Lənkəran”ın bütün titulları:

1. Azərbaycan çempionu – 2006/07

2. Azərbaycan kuboku – 2006/07

3. Birlik kuboku – 2008

4. Azərbaycan kuboku – 2007/08

5. Azərbaycan kuboku – 2010/11

6. Azərbaycan Superkuboku – 2013

Azərbaycanda ilk dəfə titul sahibi olan Toşak isə karyerasında 20-ci dəfə qalib adına yiyələnib. Bunadək o, 12 dəfə futbolçu, 3 dəfə oynayan məşqçi və 4 dəfə baş məşqçi kimi titul əldə etmişdi. Baş məşqçi kimi sayca 5-ci, ümumilikdə isə 20-ci titula “Xəzər Lənkəran”da çatan uelslinin fərqi mükafatları da yetərincədir.

Futbolçu kimi Toşak 3 Uels kuboku, 3 İngiltərə çempionluğu, İngiltərə kuboku və İngiltərə Superkubokunu qazanıb. Beynəlxalq arenada isə Çempionlar kuboku, 2 UEFA kuboku və UEFA Superkubokuna sevinib. Oynayan məşqçi kimi 3 dəfə Uels kubokunu qazanan Toşak futbolçu karyerasını bitirdikdən sonra baş məşqçi kimi komandalarına İspaniya kuboku, İspaniya Superkuboku, İspaniya çempionu və Türkiyə kubokunu qazandırmışdı. Uelsli son nailiyyətinə 15 il əvvəl “Beşiktaş”la Türkiyədə kubok qazanarkən imza atmışdı.

lankaranfc.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43