Müsahibə

“Xəzər Lənkəran”ın hücumçusu özünü günahlandırdı: “Yenə görməzdən gəldilər” (MÜSAHİBƏ)

“Xəzər Lənkəran”ın hücumçusu Tural Qürbətov İdmanxeber.com saytına müsahibə verib.

– Gəncədən məğlub ayrıldınız. Xal qazana bilməməyinizin səbəbi nə idi?

Gəncə səfərində gözəl oyun sərgilədik. Həmin oyun bizim qələbəmiz ilə başa çatmalı idi. Sadəcə qol imkanlarımızdan yararlana bilmədik. Xüsusən özümü çox günahlandırıram. Oyun başlayan kimi rəqib qapıçı ilə üzbəüz qalsam da istifadə edə bilmədim. Komandamı sveindirə bilmədim… Buna görə çox pis olmuşam. Hətta oyundan sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev bizim soyunub-geyinmə otağımıza girərək “Bizi nə “Qarabağ”, nə də digər komandalar belə incitməmişdi”.

– Ancaq azarkeşlər sizdən hansısa komandanı incitmək yox, xal və ya xallar gözləyirlər.

Bəli, gözəl oyun göstərməklə xal qazanmaq olmur. Mən çox heyfislənirəm, hələ də özümə gələ bilməmişəm. Azarkeşlər və komanda qarşısında özümü günahkar hiss edirəm.

– Qaçırdığın epizodla bağlı təəssüfünü az qala hər cümləndə bildirirsən. Maraqlıdır, oyundan sonra məşqçilər sənə nə dedi?

Açığı çox pis halda idim, heç nə yadıma gəlmir. Təkcə o yadımda qalıb ki, Elbrus müəllim hamımıza əl uzatdı. Çox sevinirəm ki, belə məşqçimiz var. Heç vax bizə qarşı olan güvənini itirmir. İnşallah qarşıdakı oyunlarda məşqçilərimizi, azarkeşlərimizi sevindirərik.

– “Kəpəz” künc zərbəsindən sonra hesabı açdı. Ancaq komanda olaraq hakimin künc zərbəsi qərarının yanlış olduğunu bildirirsiz. Sizcə, həmi epizodda hakim səhv qərar verdi?

Bəli. Orxan həmin epizodda topu kənara, auta çıxartmışdı. Ancaq hakimlər yenə görməzdən gəldilər. 

– “Neftçi” ilə oyunda da hakim səhvi ucbatından kubokla vidalaşdınız. Gəncə səfərində də, hakimin səhv etdiyini bildirirsiz. Sizcə, hakimlər XL-ə qarşı qərəzlidi, yoxsa…?

Bunu tam deyə bilmərəm. Düzdü, “Kəpəz” də AFFA-nın komandasıdı, ancaq mən bu oyunu deməzdim. “Neftçi” ilə oyunda hakim səhvlərindəın uduzduq. Bizim kubokda davam etməyimizi istəmirdilər.

– Növbəti turda rəqibiniz “İnter”di.

Çətin oyun olacaq. Mən “İnter”ə məxsus olduğum üçün öncəki razılaşmaya əsasən bu oyunda oynamayacam. Ancaq ürəyim komandayla birgə olacaq. İnşallah qələbə bizim olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43