Müsahibə

“Xəzər Lənkəran”ın kapitanı siğortaladı: “Hər şey ola bilər” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin idmanxeber.com saytına müsahibəsi.

– “Qəbələ”ylə qarşılaşacaqsınız. Artıq çempionata bir iddiası qalmayan “Xəzər Lənkəran”dan azarkeşlər nə gözləsin?

Baxmayaraq ki, bizim çempionata heç bir iddiamız yoxdu, ancaq biz yenə meydana qələbə qazanmaq üçün çıxacağıq. Çempionata ümidimiz olmasa da, 3 xal qazanmaq istəyirik. Bu və bundan sonrakı bütün oyunlara 3 xal qazanmaq üçün çıxacağıq. 

– Bu rəqiblə siz həm də kubokun yarımfinalında qarşılaşacaqsınız. Səncə, Dənizli bütün kartları bu oyunda açar, yoxsa?

(gülür) Onu mən bilmərəm. Ancaq inanmıram, çünki əsas olan kubok oyunudu bizim üçün. Hansı heyətlə kubokda onların qarşılarına çıxacağımız bir kənara, biz öz gücümüzə inanırıq. İnanırıq ki, kubokun finalına çıxacağıq. 

– Son oyunda “Qəbələ”ni səfərdə məğlub etmişdiz. “Qəbələ” sizin üçün ən münasib rəqiblərdəndi…

Düzdü, onları son dəfə məğlub etmişik. Lakin bu onların zəif olmasını əsaslandırmır. “Qəbələ” güclü heyətə malik, yaxşı futbolçulardan komplektləşmiş komandadır. 

– Onlar bu oyunlara revanş hissi kimi baxırlar…

Olsun, biz özümüzə inanırıq. Bu futboldu, uda da bilərik, uduza da… Lakin hədəfimiz 3 xal qazanmaqdı. 

– Komanda yoldaşın Orxan Sadıqlıya məlum qalmaqaldan sonracəza verilmədi. Bu haqda sən nə deyərdin?

Mahir cəzalandırıldıqdan sonra biz gözləyirdik ki, Orxan da cəzalanacaq. Lakin gözlədiyimiz baş vermədi. AFFA futbolçumuza cəza vermədi. Təbii ki, bu düzgün hərəkət deyil. Lakin AFFA-nın verdiyi qərar bizim xeyrimizə oldu. İnanırıq ki, bu son olacaq. Çünki “Xəzər Lənkəran” peşəkar klubdu və burada peşəkar futbolçular cəmləşib.

İqbal Cəfərov / Lənkəran


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43