Ölkə futbolu

“Xəzər Lənkəran”ın sabiq kapitanı: “Mən narahatam ki…”

“Xəzər Lənkəran” böyük klubdu. Bu klubu böyük edən azarkeşləridi. Mən ona görə narahatam ki, “Xəzər Lənkəran” Birinci diviziona düşsə çempionata maraq azalacaq”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev deyib.

“Xəzər Lənkəran”ın sabiq kapitanı lənkəranlı azarkeşlərdən ağızdolusu danışdı:

“Hamıya aydındı ki, XL ən çox azarkeş ordusuna malik klublardan biridi. Futbolu da gözəlləşdirən, maraqlı edən azarkeşlərdi. Əvvəllər Lənkəranda oynayanda elə bilirdin ki, Avropada oynayırsan. Stadion ağzına kimi dolurdu. Boş yer tapmaq olmurdu orda. Belə atmosfer hər yerdə olmurdu. Ancaq indi komandanın nəticələrinə görə fanatların marağı azalıb”.

Lənkəranlı fanatların sevimlisi XL-in bu duruma düşməsinə səbəb kimi maliyyəni göstərib:

“Komandanın bu vəziyyətə düşməsi maliyyə problemlərinin yaranmasından qaynaqlanır. Mən “Xəzər Lənkəran”da oynadığım son iki ildə bu problemlər yaranmağa başlamışdı.  Çox çalışdılar ki, bu vəziyyətdən çıxsınlar. Özləri də açıqladılar ki, komandanın yüksək məbləğdə borcu var”.

Millimizin də şərəfini qoruyan R.Əmirquliyev sabiq komandasının bu durumdan qurtulacağına ümid etdiyini bildirib:

“İnşAllah inanıram ki,o komanda problemlərini tez bir zamanda yoluna qoya biləcək və biz tezliklə əvvəlki “Xəzər Lənkəran”ı görəcəyik. Lənkəran azarkeşləri qələbələrə layiqdilər. Onlara uğurlar arzulayıram”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43