Layihə

XVI turun ümumi mənzərəsi (LAYİHƏ)

Azərbaycan Premyer Liqasının 16-cı turu da artıq geridə qaldı. 3-4 fevral tarixlərində keçirilən 4 qarşılaşma maraqlı məqamlarla yadda qaldı. Keçirilən 4 görüşdüə qapılara ümumilikdə 9 top vuruldu. Ən böyük hesablı nəticə “Sumqayıt” – “İnter” (2:2), ən kiçik hesablı nəticə isə “Zirə” – “Kəpəz” və “Qəbələ” – “Neftçi” (hər ikisi 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb – red.) görüşündə qeydə alındı. Sözügedən turda 3-ü qırmızı vərəqə olmaqla ümumilikdə 27 vərəqə göstərildi.

Halal, yoxsa hakim köməyi ilə qazanılmış qələbə?

Turun ilk görüşündə turnir cədvəlinin autsayderi AZAL və lider “Qarabağ” klubları üz-üzə gəldi. “Qarabağ” bu görüşün favoriti sayılsa da, gözlənilənlərin əksi ilə qarşılaşdı. Demək olar ki, turun ən çox səs-küy doğuran matçı bu komandalar arasında baş tutdu. Belə ki, hələ ilk dəqiqələrdən sürətli əks-hücumlara çıxan “təyyarəçilər” bunun bəhrəsini gördü. Matçın 7-ci dəqiqəsində AZAL-ın futbolçusu Sadio Tounkara sol cinahdan sürətlə irəliləyərək rəqib müdafiəçiləri çaş-baş qoyub “Qarabağ”ın cərimə meydançasına girə bildi. Komanda yoldaşı Rəşad Abdullayevə dəqiq ötürmə verən futbolçu komanda yoldaşının fərqlənməsində və komandasının hesabda irəli çıxmasında böyük rol oynadı. 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Dino Ndlovu topu qapıdan keçirsə də, oyundankənar vəziyyət olduğu üçün hakim qolu qeydə almadı. Oyuna ciddi itki ilərlə çıxan “Qarabağ” klubu bu oyunda daha bir itki ilə üzləşdi. Belə ki, komandanın yarımmüdafiəçisi Dani Kintana görüşün 21-ci dəqiqəsində top uğrunda mübarizə apararkən zədələndi. Dizində çarpaz bağların qırılması diaqnozu qoyulan futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

AZAL üçün oyunun qırılma anı ilk hissənin son dəqiqələrində oldu. Belə ki, var gücləri ilə rəqibin hücumlarını dəf edən “təyyarəçilər” komandanın ən aktiv futbolçusu olan Sadio Tounkaranı itirdi. Görüşün ilk hissəsinə əlavə edilmiş 3-cü dəqiqədə futbolçu baş hakim Orxan Məmmədovun qəzəbinə tuş gəldi. 11-ci dəqiqədə hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılan futbolçu bu dəfə ikinci “sarı”nı alaraq meydandan qovuldu. Müzakirələrə səbəb olan epizodda futbolçu rəqib komandanın qolkiperi İbrahim Şehiçə qarşı kobud oynadığı bildirilir. Halbuki, sözügedən epizodda onun sarı vərəqəlik olmadığını da düşünmək olar. Son turlarda hakimlərin “Qarabağ”ın leyhinə qərarlar qəbul etməsi futbol ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır.

İkinci hissəyə azlıqda başlayan AZAL klubu üstünlüyünü qoruya bilirdi. Lakin güclü hücumlar təşkil edən “Qarabağ” görüşün 60-cı dəqiqəsində meydan sahiblərinin qapısına yol tapa bildi. Maksim Medvedevin cərimə meydançasının kənarından vurduğu zərbə qolkiper Aqil Məmmədov üçün qarşısıalınmaz oldu. Buraxılan qolun şokundan ayılmayan AZAL klubu 3 dəqiqə sonra qapısında növbəti qolu gördü. Bu dəfə isə Coşqun Diniyevin uzaqdan endirdiyi zərbə rəqib oyunçuya dəyərək istiqamətini dəyişdi və tora daxil oldu – 1:2. Bu, görüşdə vurulan sonuncu qol oldu. Süni örtüklü meydanda zədələnməkdən qorxan futbolçular bu hesabla kifayətlənməli oldu.

Növbəti dəfə xal itirən “Neftçi”

Turun ikinci oyunu Qəbələdə keçirildi. Əslində, Premyer Liqanın təqviminə əsasən, görüş Bakıda keçirilməli olsa da, “ağ-qaralar” görüşün Qəbələdə keçirilməsinə nail olmuşdular. Səbəbi isə qarın yağmasına görə “Bakcell Arena”nın ot örtüyünün pis vəziyyətə düşməsinin qarşısını almaq idi.

Premyer Liqanın ilk yarısında “Neftçi” ilə iki dəfə üz-üzə gələn “Qəbələ” klubu bu görüşlərdə rəqibin qapısına 12 dəfə yol tapa bilmişdi (0:8; 4:1). “Neftçi” isə buraxılan qollardan yalnız birinin əvəzini çıxmışdı. Lakin qış fasiləsi zamanı heyətini yeniləyən “ağ-qaralar” mövsümün ikinci yarısında turnir cədvəlindəki yerini yaxşılaşdırmağa iddialıdır. Son turda “Qarabağ” ilə 1:1 hesablı bərabərlik əldə edən “Neftçi”nin “Qəbələ” ilə görüşdən də xalla ayrılacağı gözlənilirdi. Hətta ayrıla da bilərdi… Amma yenə hakim səhvi və yenə də itirilən xal…

Qarşılıqlı hücumlar şəraitində baş tutan görüşdə qapılara yalnız bir qol vuruldu. Bu qolda da sevinən tərəf “Qəbələ” oldu. Belə ki, “Qəbələ”nin yeni transferi Raniel Subotiç baş zərbəsi ilə oyunda hesabı açdı. Lakin 77-ci dəqiqədə vurulan qolda hakimin ciddi səhvini qeyd etmək lazımdır. Yan xətt hakiminin gözündən qaçan epizodda oyundankənar vəziyyətin olduğu  açıq-aşkar görünür.

"Kəpəz"in enişi

Ötən il Avroliqada ölkəmizi təmsil edən “Kəpəz” klubu bu il heç də yaxşı təsir bağışlamır. Ciddi maliyyə çətinlikləri ilə üzləşən komandanın işi turnir cədvəlində də yaxşı deyil. Hazırda aktivində 15 xalı olan komanda ikinci dövrədə ardıcıl ikici məğlubiyyətini qazandı. Ötən tur “İnter”ə 4:1 hesabı ilə məğlub olan komanda 16-cı turda “Zirə” ilə görüşdə bu məğlubiyyəti unutdurmaq niyyətində idi. Amma yenə bacarmadı. Ümumiyyətlə, komanda cari mövsümdə nəinki qələbə, hətta xal qazanmağa da çətinlik çəkir.

Turun ikinci oyun günündə “Zirə” doğma meydanda “Kəpəz”i qəbul etdi. Görüş zirəlilərin hücumları ilə başladı. Rəqibindən üstün oyun sərgiləyən “qartallar” hesabı açmaqda çətinlik çəkirdilər. Bu matçda da hakim səhvini qeyd etmək lazımdır. Belə ki görüşün 23-cü dəqiqəsində “Zirə”nin futbolçusu Nurlan Novruzovun qaydalar çərçivəsində vurduğu qol qeydə alınmadı. Lakin epizodun təkrarına baxdıqda isə qolun oyundankənar vəziyyətdən vurulmadığı aydın görünür.

Cari mövsüm Premyer Liqada ilk oyuna təyinat alan baş hakim Elvin Əsgərov bu görüşdə bol miqdarda vərəqə göstərdi. Belə ki, o, 2-si qırmızı olmaqla ümumilikdə əlini 11 dəfə cibinə apardı. E.Əsgərov görüşün 28-ci dəqiqəsində “qartallar”ın futbolçusu Sezar Meza Kolliyə birbaşa qırmızı vərəqə göstərərək meydandan qovdu. Lakin bu “Zirə”nin futbolçularını daha da əzmkar oynamağa məcbur etdi.  Bunun nəticəsi kimi görüşün 37-ci dəqiqəsində “Zirə”nin futbolçusu Nurlan Novruzov rəqibi məyus etdi. Vurulan qolda komandanın sol cinah müdafiəçisi Təmkin Xəlilzadənin də böyük əməyini qeyd etmək lazımdır. Müdafiəçi hücumun yaranmasında böyük pay sahibi oldu. Məhz o, N.Novruzova qol ötürməsi verməsini verdi.  Vurulan qoldan sonra müdafiəyə çəkilən komanda “Kəpəz”in  bütün hücumlarını dəf edir və əks-hücumlara bel bağlayırdı.

Oyunun sonlarına daha da aqressivləşən “Kəpəz” futbolçuları son dəqiqələrdə azlıqda qaldı. Belə ki, görüşün əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə gəncəlilərin futolçusu Renan Alves qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovuldu.

Komandanı istədiyi kimi qura bilməyən Şahin Diniyevin “Kəpəz”dəki “taxtı” demək olar ki yıxılmaq üzrədir. Uğursuz nəticələrinə görə artıq azarkeşlər də “Kəpəz”dən üz döndərməyə başlayıblar. Artıq komandanın fanqruplarından biri oyunları baykot edərək görüşlərə gəlmirlər.

“Zirə”nin yeni baş məşqçisi Ayxan Abbasov isə komandaya gəlişindən sonra ardıcıl 2-ci qələbəsini qazanaraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlməyi bayram edir.

Bəxti gətirən “Sumqayıt” və ya çöküşə doğru irəliləyən “İnter”

Beynəlxalq Bankın “İnter”in sponsorluğundan imtina etməsi böyük əks-səda doğurdu. Bu, bir çox azarkeşə komandanın bundan sonra uğursuz çıxış edəcəyini düşündürsə də, “bankirlər” “Kəpəz”lə görüşdə 4:1 hesablı qələbə qazanıb, bu fikirləri alt-üst elədi. Lakin bunun davamlı olacağını düşünmək də çətindir. Maliyyə problemi olan bir klub istər-istəməz uğursuz çıxış edəcək. Amma tanıdığımız “İnter” bir neçə il öncə ciddi maliyyə problemi ilə üzləşən “bankirlər” Avropa Liqasının seçmə mərhələsi çərçivəsinə uğurlu çıxış edərək 3 mərhələ adlaya bilmişdi.

AFFA-nın tabeçiliyinə keçən komanda 16-cı turda səfərdə “Sumqayıt”ın qonağı oldu. “Kəpəz” üzərində qazanılan böyük hesablı qələbədən sonra “bankirlər”in bu görüşdə də qalib gələcəyi gözlənilirdi. Lakin “Sumqayıt” buna imkan vermədi.

İlk hissənin 19-cu dəqiqəsində “İnter”in qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Mirabdulla Abbasov komandasını hesabda önə çıxardı. Komanda ilk hissədə üstünlüyünü qoruya bilsə də, ikinci hissənin ilk dəqiqələrində qapısında top gördü. “İnter”in yarımmüdafiəçisi İlkin Qırtımov 49-cu dəqiqədə hesaba tarazlıq gətirdi – 1:1. Oyunda növbəti qol 90-cı dəqiqədə vuruldu. Rauf Əliyev komandasını hesabda önə çıxardı. Lakin bu da sonuncu qol olmadı. Belə ki, vurulan qoldan 1 dəqiqə sonra Nicat Muxtarov “Sumqayıt”a 1 xalı qazandıran qolun müəllifi oldu.

Bununla da aktivinə daha bir xal yazdıran “İnter”  29 xalla 3-c pillədəki yerini möhkəmləndirdi. Hesabında 19 xalı olan “Sumqayıt” isə “Kəpəz”lə arasındakı xal fərqini 4-ə yüksəltdi.

İlkin İsmayılzadə

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43