12 Avqust 2020
Layihə

XVII turun görüntüsü: Liderlər davam edir… (LAYİHƏ)

Beləliklə, Azərbaycan Premyer Liqasının 17-ci turuna da yekun vuruldu. 8-9 fevral tarixlərində keçirilən 4 görüşün birində qonaq, digər üç görüşdə isə ev sahibi komandalar 3 xalı bayram etdi. Bu görüşlərdə ümumilikdə qapılara 12 top vuruldu. 17-ci turda keçirilən qarşılaşmalarda baş hakimlər 1-i “qırmızı” olmaqla ümumilikdə 19 dəfə futbolçuları cəzalandırdılar.

 

Hakim səhvi və ya “Qəbələ”yə “bəxşiş”

Turun açılış matçı Qəbələdə baş tutdu. Burada yerli “Qəbələ” klubu AZAL-ı qəbul etdi. Görüş ev sahibi komandanın üstünlüyü şəraitində keçsə də, AZAL da ara-sıra əks-hücumlara çıxmağa cəhd edirdi. İlk hissə boyunca AZAL-ı təzyiq altında saxlayan “Qəbələ” klubu bir neçə epizodda hesabı açmağa yaxın olsa da, zərbələrdə azacıq dəqiqlik çatmadı. Bundan əlavə, “təyyarəçilər”in qolkiperi Aqil Məmmədovun da işini qeyd etmək lazımdır. Təcrübəli qolkiper bir neçə epizodda komandasını real qoldan xilas etməyi bacardı.

İkinci hissə də “Qəbələ”nin üstünlüyü şəraitində keçirdi. Amma yenə də komanda istədiyinə çata bilmirdi. Lakin 64-cü dəqiqədə AZAL-ın futbolçusu Omeqa Robertsin cərimə meydançası daxilində qayda pozuntusuna yol verməsi “Qəbələ”nin hesabı açmasına gətirib çıxardı. Belə ki, kobud oyuna görə meydandan qovulan R.Omeqa “Qəbələ”yə penalti vurmaq şansı yaratdı. Topun arxasına keçən Premyer Liqanın bombardiri Filip Ozobiç dəqiq zərbə endirərək görüşdə hesabı açdı – 1:0.  Premyer Liqanın son turlarında tez-tez müşahidə olunan hakim səhvləri bu oyunda da qeydə alındı. Görüşün baş hakimi İnqlab Məmmədov 74-cü dəqiqədə ciddi səhvə yol verdi. Belə ki, matçın 74-cü dəqiqəsində AZAL-ın futbolçusu Rəşad Abdullayev cərimə zərbəsini yerinə yetirərkən “Qəbələ”nin futbolçusu Daniel Subotiç topu əli ilə cərimə meydançasından uzaqlaşdırdı. Lakin baş hakim İnqilab Məmmədov bu epizodda penalti təyin etmədi. Bununla belə, AZAL futbolçuları “Qəbələ”yə asanlıqla təslim olmaq niyyətində deyildi. Əks-hücumlara bel bağlayan komanda rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilirdi. Belə epizodların biri də 78-ci dəqiqədə baş verdi. Rəşad Abdullayevin qapıya endirdiyi zərbəni qolkiper Dmitri Bezotosnı ustalıqla dəf etdi. Matçın sonlarına yaxın hücumlarının sayını daha da artıran “Qəbələ” klubu son dəqiqələrdə daha bir qol vurdu. Matçın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə “qırmızı-qaralar”ın qol silahı F.Ozobiç möhtəşəm zərbə ilə özünün və komandasının ikinci qolunu vurdu. Bununla da cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 9-a çatdıran Xorvatiya millisinin üzvü bombardirlər siyahısında liderdir.

 

“Zirə” “Qarabağ” sindromunu qıra bilmədi

Turun növbəti göürüşündə “Qarabağ” doğma meydanda “Zirə”ni qəbul edirdi. Maraqlıdır ki, “Qarabağ” 17-ci turdakı görüşədək “Zirə” ilə 6 dəfə qarşılaşmışdı. Bu görüşlərin 5-də Ağdam klubu qalib gəlmişdi, biri isə qolsuz bərabərliklə yekunlaşmışdı. “Qarabağ” bu görüşlərdə “Zirə”nin qapısından 12 top keçirib, “Zirə” isə bunlardan yalnız birinin əvəzini çıxa bilmişdi. Premyer Liqada son iki oyunda məğlub olmayan “qartallar” bu görüşdə ən azından 1 xal qazanmaq niyyətində idi.

Oyuna gəlincə, matç gözlənildiyi kimi “Qarabağ”ın hücumları ilə başladı. Lakin müdafiədə inamlı çıxış edən “Zirə” ağdamlıların hücumlarını dəf etməyi bacarırdı. Bu, 13-cü dəqiqəyədək davam etdi. Belə ki, Coşqun Diniyevin ötürməsini qəbul edən Əfran İsmayılov cərimə meydançasından kənarda qapının uzaq küncünü dəqiq nişan ala bildi. “Zirə”nin ilk təhlükəli hücumu 29-cu dəqiqədə reallaşdı. Lakin burada “Qarabağ”ın qolkiperi İbrahim Şehiçin inamlı çıxışı Adil Nağıyevin fərqlənməsinə imkan vermədi.

İkinci hissə də “Qarabağ”ın hücumları ilə başladı. Bu da çox keçmədi ki, öz bəhrəsini verdi. Rəqibinə pressinq tətbiq edən “Qarabağ” futbolçuları  “Zirə”nin səhv etməsinə şərait yaratdı. Belə ki, görüşün 47-ci dəqiqəsində “Zirə”nin müdafiəçisi Migel Lorenso ötürmə zamanı səhvə yol verdi. Topu ələ keçirən Dino Ndlovu bundan maksimum yararlanaraq “Zirə”ni ikinci dəfə də məyus etdi. Hücumlarını davam etdirən “Qarabağ” klubu bundan sonra fərqənə bilmədi və matç 2:0 hesabı ilə başa çatdı. Bununla da “Qarabağ” “Zirə” üzərində ardıcıl 5-ci qələbəsini qazandı. Maraqlıdır ki, bu, həm də “Qarabağ”ın “Zirə” üzərində ardıcıl 5-ci 2:0 hesablı qələbəsidir.

 

Oğul atanı xilas edə bilmədi

Turun ikinci oyun günündə “Sumqayıt” doğma meydanda “Kəpəz”i qəbul edirdi. Premyer Liqanın son 3 matçında məğlubiyyət acısı yaşayan “Kəpəz” klubu bu görüşə böyük ümidlərlə çıxmışdı. Hətta bir çox gəncəli azarkeş Şahin Diniyevin istefaya göndərilməsini istəyirdi.

“Kəpəz” bu görüşə 3 ciddi itki ilə çıxmışdı. Belə ki, komandanın heyətində Şəhriyar Əliyev və Tural Axundov zədə səbəbi ilə oynaya bilməyəcəkdi. Renan Alveş isə cəzalı duruma düşdüyü üçün komandasına kömək edə bilmirdi.

Görüşə sürətli hücumlarla başlayan “Sumqayıt” klubu bunun bəhrəsini matçın 7-ci dəqiqəsində gördü. Komandanın yeni transferi Sergey Çernışev gözəl qolla hesabı açdı. Buna cavab olaraq “Kəpəz” hücumlarını daha da artırsa da, son nöqtəni qoya bilmədi. Rəqibin cərimə meydançasına girməkdə çətinlik çəkən Gəncə klubu əsasən uzaq məsafələrdən çərçivəni nişan almağa çalışırdı. Əsasən gənclərdən təşkil olunmuş “Sumqayıt” klubu sürətli hücumlar təşkil edərək Şahin Diniyevin qurduğu heyəti çətin vəziyyətdə saxlayırdı.

Görüşün 28-ci dəqiqəsində künc  zərbəsi zamanı “Kəpəz”in qolkiperi Tadas Simaitis səhvə yol verərək qapısından ikinci topu buraxdı. Həm qapıçı, həm də müdafiəçilərin səhvini bağışlamayan Azər Salahlı “sarı-göylər”i ikinci dəfə mərkəzə dəvət etdi.

Görüşün 61-ci dəqiqəsində rəqibini sürətli əks-hücumda yaxalayan sumqayıtlılar 3-cü qolu vurmağa nail oldular. Sergey Çernışevin ötürməsini Məhəmməd Qurbanov qapıdan keçirdi – 3:0.

“Kəpəz” buraxılan qollardan yalnız birinin əvəzini çıxa bildi. Görüşün 71-ci dəqiqəsində Şahin Diniyevin oğlu Kərim Diniyev komandasının təsəlli qolunu vura bildi. Görüşün qalan vaxtında “Kəpəz” hücumlarının kəsərini artırsa da, fərqlənə bilmədi. Beləliklə, komanda ardıcıl 4-cü məğlubiyyətini aldı.

 

Yenilənmiş “Neftçi”nin ilk qələbəsi

Qış fasiləsində heyəti, demək olar ki, tamamilə dəyişən “Neftçi” klubu 17-ci turda “İnter”in qonağı idi. Fasilədən sonra keçirdiyi iki görüşün birindən məğlub, digərindən bərabərliklə ayrılan “ağ-qaralar” bu görüşdən mütləq xalla ayrılmaq niyyətidnə idi. Daha istəkli görünən “ağ-qaralar” ilk dəqiqələrdən hücum atıldılar. Meydanın hər bir nöqtəsində rəqibindən üstün oynayan “Neftçi” futbolçuları erkən qolla azarkeşləri sevindirdi. Görüşün 13-cü dəqiqəsində Tərzin Cahangirovin ötürməsini möhtəşəm qolla tamamlayan Daniel Seqoviya matçda vurulan ilk qolun müəllifi oldu. Heyətə cəlb olunan yeni futbolçuların möhtəşəm oyun sərgiləyib “İnter”ə göz açmağa imkan verməməsi “Neftçi”nin növbəti qolunu gətirdi. Namiq Ələsgərov uzaqdan gözəl zərbə ilə hesabı 2:0-a çatdırdı. Qoldan sonra ayılan “İnter” futbolçuları hücumların kəsərini artırmağa başladı. Bunun nəticəsində görüşün 35-ci dəqiqəsində Rauf Əliyevin zərbəsi hesab arasındakı fərqi minimuma endirdi. “Neftçi”nin qolkiperi Maksim Vaylonun buraxılan qolda böyük səhvini qeyd etmək lazımdı. Qoldan sonra “İnter” hücumlarını artırsa da ilk hissədə başqa qol olmadı.

İkinci hissə qarşılıqlı hücumlarla başladı. Lakin yenə fərqlənən “Neftçi” oldu. Belə ki, 58-ci dəqiqədə İqnasio Herrera gözəl qolla komandasının 3-cü qolunu vurdu. Bu, görüşdə vurulan son qol oldu. Beləliklə, yenilənmiş “Neftçi” mövsümün ikinci yarısında ilk qələbəsini qazandı.

İlkin İsmayılzadə

*Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” – “Qarabağ”: Prinsipial duelə doğru (LAYİHƏ)

admin

Dabo və Rauf Əliyevin son dəqiqə “partlayışı” (LAYİHƏ)

admin

Azərbaycan üçün Estoniya və Gürcüstan nümunəsi (YAZI)

admin