Ölkə futbolu

“Yagelloniya”nın oyunçusu: “Qəbələ”yə qarşı nəzarəti əldən vermək olmaz”

“Azərbaycanda qazandığımız nəticə çox yaxşıdır. Ancaq hələ cavab oyunu var. Doğma meydanda göstərməliyik ki, biz daha güclü komandayıq. Düşünürəm ki, qələbə qazanaraq növbəti mərhələyə yüksələcəyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Yagelloniya”nın futbolçusu Lukaş Burliqa deyib.

Polşa klubunun rəsmi saytına açıqlama verən 29 yaşlı müdafiəçi “Qəbələ”nin güclü tərəflərindən danışıb:

“Onlar öz meydanlarında qələbə qazanmaq istəyirdilər. İndi isə oyun sıfırdan başlayacaq. Bilirik ki, onlar bu görüşə çox ciddi hazırlaşıblar. Ancaq düşünmürəm ki, rəqib Bakıdakı matçın ikinci hissəsindəki kimi açıq futbol oyanayacaq. Bununla belə, ehtiyatlı olmalıyıq ki, qol buraxmayaq. İlk oyunda rəqibin əks-hücumlarda təhlükəli olduğunu gördük. Onlar bir neçə epizodda qola yaxın oldular. “Qəbələ”nin texnikalı və çox sürətli futbolçuları var. Buna görə də sona qədər diqqətli olmalıyıq. Onlara qarşı nəzarəti əldən vermək olmaz”.
Polşalı futbolçu “Panatinaikos”la oynamaq arzusunda olduqlarını qeyd edib: “Qəbələ” səddini keçərək “Panatinaikos”la qarşılaşmaq istəyirik. Bu, bizim arzumuzdur. Afinalılarla oyunlar bizə daha çox təcrübə qazandırar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43